Sentyabrın 1-də "MTN işi" ilə bağlı zərərçəkmiş kimi tanınan bəzi şəxslər Nardaran qəsəbəsində keçmiş milli təhlükəsizlik nazirinə məxsus olduğu deyilən bağ evinin qarşısında etiraz aksiyası keçiriblər.
Həmin şəxslər bildirib ki, 2013-cü ildə onları qanunsuz həbs edərək təzyiq altında pul tələb ediblər: "Hər dəfə üç ay uzatmaq şərti ilə həbs-qətimkan tədbiri seçirdilər. Sonra məhkəmə-tibbi ekspertizadan yalandan keçirirdilər ki, guya, bizim hamımızın ürəyi xəstədir və bizi buraxdılar. Amma bizi buraxmamışdan qabaq hədə-qorxu gəlirdilər ki, sizi çürüdəcəyik, evinizdən silah, nəşə çıxardacağıq".
Onların iddiasına görə, bunun arxasında duran o vaxt milli təhlükəsizlik naziri olmuş Eldar Mahmudovdur: "Hazırda dörd nəfər müttəhim var. Onlardan biri MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi general Mövlam Şıxəliyevdir. O, digər üç müttəhimə tapşırıb ki, ittihamları boyuna almayın və biz bu yolla xilas olub canımızı qurtaracağıq".
Buna da bax: 'Hacı Məmmədovun dəstəsi ilə əlaqədar Usubovun həbsinə göstəriş verilmişdi...'Aksiya iştirakçıları keçmiş Baş prokuror Zakir Qaralovun və sabiq Baş prokuror müavini Rüstəm Usubovun da bu işlərdə əli olduğunu iddia ediblər. Onlar Eldar Mahmudovun da bu iş üzrə məsuliyyətə cəlb olunmasını tələb etdiklərini bildiriblər.
Aksiya insidentsiz başa çatıb. Səslənən iddialara E.Mahmudovun, Z.Qaralovun və R.Usubovun münasibətini öyrənmək mümkün olmayıb.
Hazırda məhkəmədə…
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) general və polkovniklərinin hazırda davam edən məhkəməsində 36 nəfər zərərçəkmiş kimi tanınsa da, onlardan şikayətçi olanların sayı daha çoxdur.
Sabiq MTN-çilərin işi üzrə artıq məhkəmə istintaqı yekunlaşıb. Prokuror general Mövlam Şıxəliyevə 14 il, polkovniklər - Yasin Məmmədov və Vüsal Ələkbərovun hər birinə 12 il, Sahib Ələkbərova isə 10 il həbs cəzası istəyib. Onlara məxsus üzərində həbs olan əmlakların da müsadirə olunmasını təklif edib. Əmlakların ümumi dəyəri 9 milyon manatdan çoxdur. Onların da əsas hissəsi (7 milyon manatdan çoxu) general və onun ailə üzvlərinə məxsusdur.
Buna da bax: MTN generalının 'Sahil'in üstündəki binada 5 mənzili, 'Torqovı'da evləri...Sabiq MTN-çilərə Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Amma onlar ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.
2015-ci ildə MTN-də nazir E.Mahmudovun vəzifədən uzaqlaşdırılması, nazirlikdə 20-dən artıq vəzifəli şəxsin həbsi ilə nəticələnən əməliyyatdan sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.