Rusiyada MSK Putinin rəqibi Nadejdinin imzalarını saxtalaşıdırıb?

Boris Nadejdin

Rusiyada Mərkəzi Seçki Komissiyası prezidentliyə namizəd Boris Nadejdin tərəfindən toplanmış ən azı bəzi imzaları keyfiyyətsiz rəqəmsallaşdırma zamanı etibarsız elan edib.

Bunu yoxlamanın nəticələri ilə tanış olandan sonra seçki eksperti Roman Udot deyib.

O iddiasına görə rəqəmsallaşdırma zamanı buraxılmış səhvləri əks etdirən fotoları dərc edib.

Rusiyada MSK seçicilərin əllə çəkilmiş imzalarını rəqəmsallaşdırır və bundan sonra Rusiya DİN-in məlumat bazası ilə uyğun gəlməyən imzaları ləğv edir.

MSK bugünlərdə bildirmişdi ki, Nadejdinin imzalarında 15 faiz qüsurlu imza aşkar edilib. Halbuki qanun imzaların yalnız 5 faizinin səhv olmasına icazə verir. Beləliklə, Boris Nadejdinin namizədliyi qeydiyyata alınmaya bilər.

Buna da bax:

Namizəd verə bilməzsən, amma seçkidə səs verə bilərsən?

“Rostov-na-Domu”

Udot iddia edir ki, MSK rəqəmsallaşdırmadan sonra məsələn “Rostov-na-Domu”dan yığılan imzaları ləğv edib.

Halbuki şəhərin düzgün adı “Rostov-na-Donu” olmalıydı.

Bununla yanaşı Salixard (düzgün adı Salexard-red) şəhərindən toplanmış imzaları etibarsız elan ediblər.

Seçki ekspertinin sözlərinə görə rəqəmsallaşdırmada onlarca belə səhvə yol verilib.

Udot ehtimal edir ki, bu, ya həqiqətən də səhv, ya da MSK tərəfindən “şüurlu şəkildə edilmiş diversiyadır”.

Hazırda Nadejdinin etibarlı şəxsləri MSK-nın cədvəllərini yoxlayırlar. O MSK-dan onun qeydiyyatı üçün iclasın bir gün təxirə salınmasını xahiş edib. İclas fevralın 7-də keçiriləcək.

Buna da bax:

FSB mühacirətdə yaşayan müxalifətçini vətənə xəyanətdə ittiham edir

Anonim mənbələrə istinadla

Bundan əvvəl “Novaya qazeta Yevropa” anonim mənbələrə isitnadla yazmışdı ki, Nadejdinin qərargahlarının birindən MSK-ya 20 min qüsurlu imza göndərilib.

İddia olunurdu ki, imzaları qərargahlardan biri qarışdırıb.

Nadejdinin tərəfdarları qəzeti qeyri-peşəkarlıqda və “pula satılmaqda” ittiham etmişdilər.

Qəzet bu materialı MSK onun imzalarında 15 faizdən çox qüsur aşkar etdiyini bəyan edəndən sonra dərc etmişdi.

Nadejdinin seçki kampaniyası Rusiyada geniş diqqətə səbəb olub. O müharibəyə açıq etiraz edən yeganə namizəddir.