Ermənistan MSK-sı Paşinyana müxalif bloku seçkilərdən kənarlaşdırmayıb

Ermənistanda parlament seçkisi keçirilir

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinə bir gün qalmış, iyunun 6-da müxalif “Güclü Ermənistan” blokunun seçkilərdən uzaqlaşdırılması ilə bağlı müraciəti rədd edib. Blokun rəqibləri onu Moskva ilə əlaqəli siyasi qüvvə kimi təqdim edirlər. Xəbəri AzadlıqRadiosunun erməni xidməti yayıb.

MSK-ya bu müraciəti bir gün əvvəl sağçı və avropayönlü “Respublika” partiyası etmişdi.

Partiya müraciətini “Güclü Ermənistan”dan bir sıra namizədlərə qarşı seçicilərin ələ alınması ittihamlarının irəli sürülməsi ilə əsaslandırıb. Müraciət baş nazir Nikol Paşinyanın qatıldığı teledebatlardan sonra təqdim olunub.

Paşinyan debatda “Güclü Ermənistan”a qarşı irəli sürülən ittihamlara toxunub, amma öz siyasi qüvvəsinin MSK-ya müraciət etməyəcəyini bildirib. Onun dediyinə görə, hakim partiyanın məğlubiyyət qorxusundan rəqiblərini seçkilərdən uzaqlaşdırmağa çalışdığına dair iddialara əsas vermək istəmir.

Amma Paşinyan əlavə edib ki, əgər Respublika Partiyası belə bir müraciət etmək istəyirsə, bunu edə bilər.

Şənbə günü “Güclü Ermənista”dan deputatlığa namizəd altı nəfər məhkəmə qərarı ilə çirkli pulların yuyulması və digər ittihamlarla həbs edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Qaçın, azərbaycanlılar gəlir!' – Ermənistanda seçki çaxnaşması

Bundan əvvəl “Güclü Ermənistan”ın seçki siyahısındakı lideri Narek Karapetyana qarşı da cinayət işi başlanıb. O, Rusiya vətəndaşlığını gizlətməkdə ittiham olunur. Bu partiyaya Rusiya-Ermənistan əsilli milyarder Samvel Karapetyan rəhbərlik edir. O, hökuməti devirməyə çağırış etmək ittihamı ilə ev dustaqlığındadır, özü ittihamları siyasi motivli adlandırır.

Ermənistanda iyunun 7-də keçirilən parlament seçkiləri Yerevan və Moskvanın münasibətlərinin görünməmiş dərəcədə kəskinləşdiyi bir dövrə təsadüf edir.

Rusiya rəsmiləri seçki kampaniyası müddətində Paşinyanı sərt tənqid edib, onu Qərblə yaxınlaşmaqda ittiham ediblər. Rusiya prezidenti Vladimir Putin şəxsən Paşinyan haqqında sərt bəyanatlar verməkdən çəkinib, amma digər yüksəkvəzifəlilər daha sərt ifadələr işlədiblər.

Moskva Ermənistandan bir sıra məhsulların idxalını dayandırmaqla iqtisadi təzyiqi kəskinləşdirib.

İctimai rəy sorğularında Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası liderdir, “Güclü Ermənistan” bloku ikinci yeri tutmağa iddialıdır.