Türmə rəisinin otağında ilahiyyatçıya məhkəmə qurulub

Mövsüm Səmədov

İyunun 8-də 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Rauf Məmmədovun xidməti otağında həmin müəssisədə saxlanılan ilahiyyatçı, Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədovun məhkəməsi keçirilib. Qaradağ rayon Məhkəməsinin hakimi Rəşad Mustafayev ilahiyyatçının bu müəssisədən üç il müddətinə həbsxana rejiminə keçirilməsindən ötrü rəisin təqdimatına baxıb.

M.Səmədov və vəkili Yalçın İmanov da orada iştirak edib.

Y.İmanov deyib ki, Rauf Məmmədovun təqdimatı və ona əlavə olunmuş sənədlər müdafiə tərəfinə təqdim olunmayıb. Ona görə də cəzaçəkmə müəssisəsinin rəisinin hansı səbəbdən M.Səmədovu həbsxanaya göndərmək istəməsinin səbəbləri onlara aydın deyil.

Bundan sonra sənədlər vəkilə təqdim olunub.

Ardından Y.İmanov bu məhkəmənin cəzaçəkmə müəssisəsinin rəisinin otağında keçirilməsinin yolverilməzliyi haqda vəsatət qaldırıb. Müdafiəçi deyib ki, məhkəməyə təqdimatı rəis verib. Məhkəmənin də onun otağında keçirilməsi bəri başdan obyektivliyi şübhə altına almağa ciddi əsas verir:

«Ona görə də xahiş edirəm, Mövsüm Səmədovun həbsxana rejiminə keçirilməsi haqda təqdimata Qaradağ rayon Məhkəməsinin inzibati binasında baxılsın».

Hakim Rəşad Mustafayev vəsatəti təmin edib. İlahiyyatçının köçürülməsi məsələsinə iyunun 14-də məhkəmənin binasında baxılacaq.

XATIRLATMA

M.Səmədov 2011-ci ildə bir neçə tərəfdarı ilə qanunsuz silah saxlama, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla saxlanıb.

O, 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb.

2014-cü il oktyabrın 9-da Qaradağ rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı Cəzaçəkmə Müəssisəsindən 2 illik Qobustandakı qapalı həbsxanaya köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Elə həmin gün də 15 günlük cərimə kamerasına (kars) salınıb. 12 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılandan sonra M.Səmədova bir neçə dəfə «kars» və başqa cəzalar verilib.

M.Səmədov Azərbaycan hakimiyyətini korrupsiya və dindarların hüquqlarının pozulmasına görə kəskin tənqid edirdi. 2016-cı ilin avqustunda o, konstitusiyaya dəyişikliklərə etiraz olaraq Qobustan həbsxanasında aclıq aksiyası keçirirdi.