Moskvada üçtərəfli məsləhətləşmələr keçirilib

Nikol Paşinyan Geqarkunikdə

Bu haqda Rusiyanın TASS informasiya agentliyi bir neçə mənbəyə istinadla xəbər verir

Çərşənbə günü – iyunun 2-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan təmsilçiləri məsləhətləşmə aparıb, Azərbaycan-Ermənistan sərhədində ayrı-ayrı rayonlarda gərginliyin azaldılmasını müzakirə ediblər.

Bu haqda Rusiyanın TASS informasiya agentliyi bir neçə mənbəyə istinadla xəbər verir. “İşçi kontaktların davam etdirilməsi razılaşdırılıb”, – mənbə TASS-a deyib.

Buna da bax: Prezident Azərbaycanın Ermənistanla sülh danışıqlarına hazır olduğunu deyib

Azərbaycan ötən il 44 günlük müharibə ilə Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Laçın dəhlizinə, eləcə də Qarabağın içində qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Mayın 12-də Ermənistanın Sünik və Geqarkunik rayonlarında sərhəddə vəziyyət gərginləşib. Ermənistan iddia edir ki, Azərbaycan sərhədi pozaraq onun ərazisinə girib. Azərbaycan isə sərhəd mövqelərini möhkəmləndirdiyini bildirir.

Buna da bax: Azərbaycan sərhədinin pozulduğunu deyir

Gərginlik səngimir

Mayın 27-də Azərbaycan altı erməni hərbçisinin sərhədi keçərək diversiya törətdiyinə görə saxlandığını açıqlayıb. Ermənistan isə həmin hərbçilərin Geqarkunik rayonunda sərhəddə mühəndis işləri gördüyünü bəyan edib.

Yerevan ötən ay sərhəddə yaranmış gərginliklə bağlı KTMT-yə müraciət edib. Ölkənin müvəqqəti baş naziri Nikol Paşinyan iyunun 1-də Parisdə erməni icmasıyla görüşündə bir daha Azərbaycanı qoşunlarını çıxarmağa çağırıb.

Buna da bax: Paşinyan: ‘Ümid edirik ki, Rusiya...’

“Ümid edirik, Rusiya həm KTMT tərəfdaşı, həm də strateji tərəfdaş kimi bu mövqeni dəqiq formalaşdıracaq. Çünki bu faktın təsdiqindən sonra Azərbaycan qoşunlarının çıxmaması KTMT-nin 4-cü maddəsinin işə salınması deməkdir. Bu maddə mövcud hərəkətləri üzv ölkəyə qarşı təcavüz kimi qiymətləndirir”, – Paşinyan deyib

Beynəlxalq təşkilatlar Ermənistanı və Azərbaycanı birgə sərhədin demarkasiya və delimitasiyasını danışıqlar və dinc yolla həll etməyə çağırıblar.