Ukrayna dronu Moskvanın mərkəzində yaşayış binasını vurub

Ukrayna dronu Moskvanın Mosfilm küçəsindəki yaşayış göydələnini vurub

Ukrayna dronu Kremldən cəmi 6 km məsafədə, elit Mosfilm rayonunda yaşayış binasına zərbə endirib. Bu ərazidə bir neçə xarici səfirlik, o cümlədən Almaniya səfirliyi də yerləşir.

AzadlıqRadiosu zərbənin geolokasiyasını dəqiqləşdirə bilib.

Dron Rusiya paytaxtı ətrafında 100-dən çox "Pantsir" sistemindən ibarət "SHORAD" halqalarını aşaraq şəhərin mərkəzinə çata bilib.

Moskvanın meri Sergey Sobyanin bildirib ki, dron Mosfilm küçəsindəki binaya dəyib, xəsarət alan yoxdur. Mayın 3-də isə Sobyanin paytaxta doğru uçan səkkiz Ukrayna dronunun neytrallaşdırıldığını bildirmişdi.

Həmin gün Ukraynada Rusiya dronlarının hücumları nəticəsində ölən və yaralananlar olub.

Rusiya ordusu Ukraynanın cənubundakı Nikolayev şəhərinə ballistik raketlərlə zərbə endirib. Vilayət administrasiyasının rəhbəri Vitali Kimin sözlərinə görə, azı beş yaralı xəstəxanaya yerləşdirilib. 17 fərdi ev, bir çoxmənzilli yaşayış binası və avtomobillər zədələnib.

Krivoy Roqda Rusiya dronu doqquzmərtəbəli yaşayış binasının girişinə çırpılıb, yanğın başlayıb, sakinlər təxliyə edilib. İkisi uşaq olmaqla üç nəfər xəsarət alıb.

Dnepropetrovsk vilayətinə isə dron hücumu nəticəsində uşaqları Zaporojyedən Zakarpatyaya istirahətə aparan avtobus zədələnib. Altı nəfərin yaralandığı, birinin uşaq olduğu bildirilir.

Dneprə Rusiyanın hücumunda bir nəfər ölüb, 11 nəfər yaralanıb, onların arasında doqquz yaşlı uşaq da var.

Zaporojyeyə zərbə nəticəsində daha 5 nəfər yaralanıb.

Rusiyanın Merefaya raket zərbəsi: 4 ölü

Bu gün, mayın 4-də günorta saatlarında Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Merefa şəhərinə raket zərbəsi endirib. Yerli hakimiyyət orqanları dörd nəfərin həlak olduğunu, 16 nəfərin yaralandığını bildirir. Fərdi və çoxmənzilli yaşayış evlərinə, mağazalara ziyan dəyib.

Vilayət prokurorları Rusiyanın zərbədə "İsgəndər" ballistik raketindən istifadə etdiyini bildirirlər.

Ukraynanın Çerniqov vilayətinin Novqorod-Severski rayonunda isə Rusiyanın hücumu 14 min nəfərin işıqsız qalmasına səbəb olub. Gecə saatlarında Rusiya hərbçilərinin şəhəri bir neçə dəfə FPV və zərbə dronları ilə atəşə tutduğu, mülki infrastrukturun zədələndiyi bildirilir. Bir nəfər yaralanıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, mayın 4-nə keçən gecə Rusiya qoşunları Ukraynaya 155 zərbə dronu buraxıb, onlardan 135-i zərərsizləşdirilib. Bu məlumatları müstəqil şəkildə təsdiqləmək mümkün deyil.