Moskvaya yenə dron hücumları olduğu bildirilir

Moskvada ticarət mərkəzi

Rusiya mediasının yazdığına görə, iyulun 30-na keçən gecə Moskvadakı “Moskva Siti” ticarət mərkəzinə dron hücumları olub. TASS informasiya agentliyi hücum nəticəsində bir nəfərin yaralandığını, binaya ziyan dəydiyini bildirir.

Rusiyanın Müdafiə Nazirliyi paytaxt üzərində iki dronun uçuşunun radioelektron mübarizə vasitələrilə dayandırıldığını, amma düşərkən müəyyən dağıntılara səbəb olduğunu bildirir. Məlumatda həmçinin vurğulanır ki, Moskva vilayətinin Odintsovo rayonunda da bir dronun məhv edilib.

Bir müddət paytaxt və vilayət üzərindən uçuşların qadağan edildiyi, Vnukovo hava limanının işinin dayandırıldığı bildirilir. Bəzi dövlət qurum və nazirliklərin"Moskva-Siti" ticarət mərkəzində ofislərinin olduğu bildirilir və qeyd olunur ki, partlayışdan sonra Rəqəmsal İnkişaf Nazirliyinə aid olduğu iddia edilən rəsmi sənədlər küçəyə səpələnib.

Son vaxtlar Rusiyanın mərkəzi rayonlarının dron hücumlarına məruz qaldığını göstərən videolar və məlumatlar yayılır.

Təkcə iyul ayında dronla Moskvaya dörd dəfə hücum cəhdinin olduğu bildirilir. İyulun 24-də bir pilotsuz aparat Lixaçov prospektində tikilməkdə olan biznes mərkəzinə, digəri isə Müdafiə Nazirliyinin binalarından birinə düşüb. Moskva hücumlarda Kiyevi günahlandırsa da qarşı tərəf bu ittihamlara şərh vermir.