Moskvada partlayışda üç nəfər həlak olub

Polis

Moskvanın cənubunda partlayışda iki polis əməkdaşı və daha bir nəfər həlak olub. Xəbəri İstintaq Komitəsi yayıb.

Hadisə dekabrın 23-dən 24-nə keçən gecə Yelets küçəsində baş verib. İstintaqın versiyasına görə, polis əməkdaşları polisin xidməti maşınının yaxınlığında şübhəli şəxs görüblər. Onu saxlamaq üçün yaxınlaşanda partlayıcı qurğu işə düşüb. Nəticədə iki polis əməkdaşı, həm də onların yanındakı şəxs həlak olub.

Güc strukturlarına yaxın "112" Telegram kanalının yazdığına görə, bir kişi "YPX avtomobilinə doğru qaçaraq quraşdırılmamış qurğunun olduğu paketi içəri atıb".

Yerli sakinin "Shot" Telegram kanalına dediyinə görə, partlayışa qədər polis avtomobili yaxınlığında maska və kapüşonda şübhəli şəxs gəzişib.

Daha bir Telegram kanalı ölən üçüncü şəxsin partlayışı törədənin olması ehtimalını yazır.

"Agentstvo" qeyd edir ki, hadisə polis sahəsi yaxınlığında, dekabrın 22-də generalın öldürüldüyü parklama ərazisinin 300 metrliyində baş verib. Rusiya ordusu Baş Qərargahının idarə rəisi Fanil Sarvarov iki gün öncə partlayış nəticəsində həlak olub.

Bugünkü partlayışla bağlı cinayət işi başladılıb.

22 dekabr

Moskvada avtomobil partladılıb, general həlak olub

Moskvada avtomobilin partladılması nəticəsində Rusiya Silahlı Qüvvələri Baş qərargahının operativ hazırlıq idarəsinin rəisi, general-leytenant Fanil Sarvarov həlak olub. Məlumatı İstintaq Komitəsi yayıb.

Güc strukturlarına yaxın "Shot" Telegram kanalı xəbər verir ki, Yaseneva küçəsində avtomobilin partlamasına əldəqayırma partlayıcı qurğu səbəb olub. Bir versiyaya görə, "Kia Sorento" işə düşəndən bir neçə saniyə sonra partlayıb. "Baza" isə avtomobilin bir neçə metr hərəkət etdiyini yazır. Yaxınlıqdakı azı yeddi avtomobilə ziyan dəydiyi bildirilir.

55 yaşlı Sarvarov 1990-cı illərdə, 2000-ci illərin əvvəllərində Çeçenistan və osetin-inquş müharibəsində iştirak edib. 2015-16-cl illərdə isə Rusiyanın Suriyadakı döyüş əməliyyatlarına qatılıb. "Proyekt" nəşri onun Ukrayna müharibəsində də iştirak etdiyini yazır.

Qətl törətmə, partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə cinayət işi açılıb.

"Araşdırılan versiyalardan biri Ukrayna xüsusi xidmətlərinin cinayəti təşkil etməsi ilə bağlıdır", – komitənin bəyanatında deyilir.

Ukrayna hələlik general Sarvarovun ölümünü şərh etməyib.

Son aylar Rusiyanın bir neçə yüksəkrütbəli zabiti qətlə yetirilib.

Apreldə general leytenant Yaroslav Moskalik Moskva ətrafında avtomobilin partlaması nəticəsində həlak olub. Bu partlayışa görə bir nəfərə ittiham irəli sürülüb, ona Ukrayna kəşfiyyat xidmətlərinin pul verdiyi iddia olunur.

2024-cü ilin dekabrında isə general-leytenant İqor Kirilov Moskvada yaşadığı binadan çıxarkən öldürülüb. Səkidə saxlamış elektrik skuterinə yerləşdirilmiş bomba partlayıb.

Kirilov nüvə, kimyəvi və bioloji hücumlara qarşı müdafiəyə nəzarət edən hərbi bölməyə rəhbərlik edirdi.

Rusiya rəsmiləri partlayışın arxasında Ukraynanın dayandığını bildirib.