Monakoda yaşayış binasında baş verən partlayış nəticəsində sanksiya altındakı ukraynalı biznesmen Vadim Yermolayev və ailəsi yaralanıb. AFP-yə istinadən məlumat verən "Franceinfo" portalının yazdığına görə, hadisə iyunun 29-da, bazar ertəsi axşam saatlarında qeydə alınıb. Binada naməlum şəxs tərəfindən qoyulmuş kürək çantasının partlaması nəticəsində üç nəfər xəsarət alıb, onlardan ikisinin vəziyyəti ağırdır. Monako knyazlığının rəhbərliyi hadisəni qəsdən törədilmiş bədəməl akt kimi qiymətləndirib.
Knyazlığın dövlət naziri Kristof Mirman bildirib ki, partlayıcı qurğu bolt və qırma ilə doldurulmuşdu və bu, Monako tarixində ilk belə haldır.
"Nice-matin" saytı xəbər verir ki, zərərçəkənlərin hamısı eyni ukraynalı ailənin üzvləridir – 50-60 yaşlarında ər-arvad və onların 13 yaşlı oğlu, hamısı xəstəxanaya yerləşdirilib.
"Novini.LIVE" Telegram-kanalının məlumatına görə, partlayış məhz ukraynalı işadamı Yermolayevə qarşı sui-qəsd olub. Yermolayev 2019-cu ildə Ukrayna vətəndaşlığından çıxıb, 2023-cü ildə isə Ukrayna prezidenti Volodimir Zelenski ona qarşı şəxsi sanksiyalar tətbiq edib. Biznesmen Krımın ilhaqından sonra oradakı alkoqol biznesini saxta şəxslərin adına keçirərək Rusiya qanunvericiliyinə uyğun fəaliyyət göstərməkdə şübhəli bilinir.
Monakoya qonşu olan Fransa şəhəri Nitsanın meri Erik Çiotti "X" sosial şəbəkəsindəki hesabında hadisəni birbaşa terror aktı adlandırıb.