Sentyabrın 30-da Moldovanın hava məkanını üç dron pozub.
Səhər Moldova polisi ölkə ərazisinə daxil olmuş dron barədə məlumat yayıb. Qurumun məlumatına görə, dron saat 5:40 radələrində müşahidə edilib, daha sonra Aneniy-Noy rayonunda yerə düşüb.
Gün ərzində Moldovanın Müdafiə Nazirliyi reaktiv mühərrikli daha bir dronun aşkarlandığını açıqlayıb. Dron ölkənin hava məkanına şərq tərəfdən - tanınmamış Dnestryanı bölgənin ərazisindən keçərək daxil olub.
Müdafiə naziri Anatoli Nosatı bildirib ki, bu, artıq 84-cü belə haldır. "Rusiya Federasiyası vətəndaşlarımızın həyatını təhlükəyə atır. Onların Dnestrin hansı sahilində yaşamasının və ya hansı dildə danışmasının heç bir fərqi yoxdur", – Nosatı vurğulayıb.
Axşam isə hakimiyyət orqanları gün ərzində hava məkanının artıq üçüncü dəfə pozulduğunu bəyan ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın Ukraynaya kütləvi hücumları fonunda, saat 20:45 radələrində növbəti dron Moldova sərhədini keçib. Dron aşkarlandıqdan sonra ölkə rəhbərliyi hava məkanının mərkəzi hissəsini müvəqqəti olaraq uçuşlara bağlayıb.