MN: Azərbaycan ordusunun mövqeləri 19 dəfə atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyinin binası, arxiv foto

Azərbaycanın Müdafiə Nazirliyi ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ordusunun mövqelərinin ümumilikdə 19 dəfə atəşə tutulduğunu bildirir.

Nazirliyin sentyabrın 3-də yaydığı məlumatda qeyd olunur ki, Ermənistan tərəfdən Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan fasilələrlə 16 dəfə atəşə tutulub.

Məlumatda digər 3 hadisənin isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən açıldığı, şəxsi heyət və texnikada itki olmadığı, adekvat cavab tədbirləri görüldüyü bildirilir.

Hələ ki, Ermənistan tərəfindən bu məlumata hər hansı münasibət bildirilməyib.

Sentyabrın 2-də hər iki etərəf-həm Azəbaycan həm də Ermənistan mövqelərinin atəşə tutulduğu barədə məlumat yayıblar. Azərbaycan Müdafiə nazirliyi Ermənistanla sərhəddəki mövqelərə təminat daşıyan iki yük maşınının atəşə tutulması ilə bağlı məlumat və foto paylaşıb.

Həmin fotolarda "Kamaz" markalı hərbi maşınların yan və qarşı şüşələrində və daha bir neçə yerində güllə izləri görünür.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, bu maşını Ermənistan silahlı birləşmələri Kəlbəcər rayonu ərazisində atəşə tutub, 2 sentyabr 2022

Ermənistanın Müdafiə nazirliyi Azərbaycan tərəfinin yaydığı bu məlumatı dezinformasiya adlandırıb, əksinə Azərbaycan ordusunun Ermənistan Müdafiə nazirliyinə məxsus maşınlara atəş açdığını bildirib.