MKİ rəhbəri Moskvadadır

Uilyam Börnz

Börnzün səfəri Vaşinqtonla Moskva arasında davamlı gərginlik yaşandığı bir dönəmdə gerçəkləşir

Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Direktoru Uilyam Börnz Moskvada Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) başçısı Sergey Narışkinlə beynəlxalq terrorçuluqla mübarizədə ikitərəfli əməkdaşlığı müzakirə edib.

Börnzün səfəri Vaşinqtonla Moskva arasında davamlı gərginlik yaşandığı bir dönəmdə gerçəkləşir.

“Görüşdə Rusiya-ABŞ münasibətləri kontekstində departamentlərarası əlaqələrə, beynəlxalq terrorçuluqla mübarizəyə diqqət ayrılıb”, – SVR 3 noyabr görüşündən sonra pres-relizdə bildirir.

Bir gün öncə isə Börnz Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşevlə görüşüb. Tərəflər “Rusiya-ABŞ münasibətlərini müzakirə ediblər”, – noyabrın 2-də yayılmış qısa bəyanatda deyilir.

Rusiyanın Birləşmiş Ştatlarla əlaqələri Soyuq Müharibədən sonra ən aşağı həddinə düşüb. Rusiyanın seçkilərə müdaxiləsi, Moskvanın Krımı ilhaq etməsi, Ukraynanın şərqində separatçıları dəstəkləməsi, rusiyalı hakerlərin kiberhücumlar həyata keçirməsi iddiaları, Kremlin tənqidçisi Aleksey Navalnının zəhərlənməsi gərginliyi daha da artırıb.

ABŞ Prezidenti Co Bayden deyir ki, bütün bunlara baxmayaraq, administrasiyası Moskva ilə spesifik məsələlərdə, strateji silahları ixtisarı, İranla nüvə danışıqları, fidyə tələb olunan və digər kiberhücumların önlənməsində əməkdaşlıq etmək istəyir.