Rusiyada müxalifətçi iki ayda üçüncü dəfə karserə salınıb

Mixail Kriqer

Rusiyada müxalif fəal Mixail Kriqer iki ay ərzində üçüncü dəfə cərimə kamerasına (karser) salınıb.

Bu barədə "Svobodu Kriqeru!" Teleqram kanalı məlumat verib. Kriqerin karserə 15 günlüyə salındığı açıqlanıb. Cəzanın səbəbi bəlli deyil.

Tərəfdarları deyirlər ki, o və Orlov vilayətindəki 5 saylı Cəzaçəkmə Müəssisəsindəki digər məhbuslar məktublara cavab verə bilmirlər. Onlara məktub üçün blanklar hələ də verilməyib. Blankların pulu isə artıq ödənilib.

Rusiya məhkəməsi Kriqeri terrorçuluğun legitimləşdirilməsi və nifrət oyatmaq maddələri üzrə təqsirli bilib. O, 2023-cü ilin payızında 7 il həbsə məhkum edilib. Ona internetdə Vladimir Putinin edamına çağırması, Arxangelskdə özünü FSB binasına çırparaq partladan tələbə Mixail Jlobitskinin hərəkətinə haqq qazandırması ilə əlaqədar ittihamlar verilib.

Kriqerin dörd il müddətinə sayt idarə etməsi də yasaqlanıb.

O, özünü təqsirli bilməyib, deyib ki, məhkəmə onu müharibəyə qarşı çıxdığına, indi isə Ukraynanı açıq müdafiə etdiyinə görə mühakimə edir. Kriqer 2022-ci ilin noyabrında həbs olunub.

Əvvəllər o, müxtəlif etiraz aksiyalarında, o cümlədən müharibəyə qarşı aksiyalarda saxlanılıb. Həmin ilin iyulunda avtomobilinə yapışdırdığı "Navalnı mənim prezidentimdir" və "Mən Putinə qarşıyam. Navalnının tərəfdarıyam" yazılmış stikerlərə görə 10 günlüyə həbs olunmuşdu.

Fevralda M.Kriqerin 65 yaşı tamam olub.