Rusiyanın baş naziri koronavirusa yoluxub

Mikhail Mishustin

Rusiyanın baş naziri Mikhail Mishustin koronavirusa yoluxub. Hökumət başçısının səlahiyyətləri müvəqqəti olaraq onun birinci müavini Andrei Belousova həvalə edilib.

Bu barədə məlumatı aprelin 30-da Rossia 24 dövlət telekanalına Mishustin-in özü verib.

Baş nazir deyib ki, özünütəcridə gedir, lakin hökumət üzvləri ilə daimi əlaqədə olacaq.

Mishustin ölkə vətəndaşlarını koronavirus epidemiyası ilə bağlı tətbiq edilən məhdudiyyətlərə riayət etməyə çağırıb.

Buna da bax: Putin niyə gözə dəymir?

Putin deyib ki, ona zəng etsin...

Xəbər verilir ki, prezident Putin Mishustin-dən ona xəstəxanadan zəng etməsini xahiş edib:

"Tez sağalmağınızı arzu edirəm. Düşünürəm ki, siz elə bu cür yaxşı formada qalacaq və vətəndaşlarımıza dəstək verilməsinə dair qərarların çıxarılmasında iştirak edəcəksiniz”.

Mishustin-in hansı xəstəxanada olacağı bilinmir.

Bundan əvvəl müstəqil Proekt saytı xəbər vermişdi ki, Rusiya prezidenti administasiyası başçısının birinci müavini Sergey Kiriyenkoda COVID-19 virusu aşkar edilib.

Lakin bu da xəbər verilib ki, Kiriyenkonun daha sonra verdiyi iki analiz yoluxmanı təsdiq etməyib.

Mishustin dünyada koronavirusa yoluxan ikinci baş nazirdir. Ondan əvvəl, martın 27-də Britaniyanın baş naziri Boris Johnson COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Bundan sonra Johson iki gün reanimasiyada saxlanıb və aprelin 12-də xəstəxanadan çıxıb.

O hazırda Londondakı evindədir və vəzifəsinin icrasına başlayıb.

Buna da bax: Putin Moskva merinin artan nüfuzundan narahat olub?

7 min yeni yoluxma

Son bir sutka ərzində Rusiyada COVID-19 virusuna 7 min yoluxma qeydə alınıb, 101 nəfər bu xəstəlikdən vəfat edib.

Beləliklə, Rusiyada indiyədək koronavirusa yoluxanların sayı 106,498, ölənlərin sayı isə 1073 nəfərə çatıb. 11,619 nəfərin xəstəlikdən sağaldığı bildirilir.

Ən çox yoluxma halları paytaxt Moskvada qeydə alınıb. Moskvada son 24 saat ərzində koronavirusa daha 3093 nəfər yoluxub.

Hakimiyyət orqanları bildirir ki, proqnozlara görə ölkədə koronavirus yoluxmalarının piki mayın əvvəllərində gözlənilir.

Aprelin 29-da prezident Vladimir Putin qeyri-iş günlərini mayın 11-dək uzatdığını elan edib.

Moskvada isə özünütəcrid rejiminin müddəti mayın 12-dək uzadılıb.

Bundan başqa Putin hökumətə mayın 12-dən etibarən ölkənin məhdudlaşdırıcı rejimdən tədricən çıxarılması planının təqdim olunmasını tapşırmışdı.