Fəhlə minaya düşüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri qeyri-dəqiqdir? 'Təbiət hadisəsi də ola bilər'

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilən Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşdüyü bildirilir. Bu barədə Laçın rayon Prokurorluğundan məlumat verilib.

Məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparılan zaman fəhlə kimi çalışan P.Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Bu məlumata, hələlik, P.Salahovun yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmilərinin açıqlamasına görə, 2020-ci il üçtərəfli bəyanatın imzalanmasından bəri 30 civarında vətəndaş işğaldan azad edilən ərazilərdə minaya düşmə səbəbindən həlak olub, 150-dən çoxu isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

Xəritə mübahisəsi

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra Azərbaycan tərəfi Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı. Amma bir müddət əvvəl Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara aid mina xəritələrinin alındığı açıqlanmışdı. Sonradan da Prezident İlham Əliyev həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, onlar əllərində olan xəritələri veriblər, "yəni yaxşısını siyirmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər": "Xəritələrin keyfiyyətində problem olduğunu istisna etmirəm, həm də bilirəm niyə. Xəritənin keyfiyyəti kartoqrafın keyfiyyətindən, onun peşəkarlığından asılıdır…".

5 milyon

APA-nın xəbərinə görə, bu gün - aprelin 29-da Bakıda "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" konfransında İ.Əliyev deyib ki, sonuncu söhbəti zamanı (aprelin 6-sı) Avropa İttifaqi Şurasının Prezidenti Şarl Mişel minaların təmizlənməsi üçün 5 milyon avro ayıracaqlarını bildirib.

Azərbaycan indiyə kimi işğaldan azad edilən ərazinin bir hissəsinin minalardan təmizləndiyini açıqlayıb.

Xatırlatma

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Laçın rayonu daxil) nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.