Minaya düşənlərdən biri ölüb

Sizin brauzer HTML5-i dəstəkləmir

Mina xəritələri. ABŞ Qarabağ prosesinə "qayıtdı"?

Füzuli rayonununda iyulun 8-də minaya düşən şəxslərdən biri- Nuru Nuriyev vəfat edib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, minaya düşən digər şəxs - Elnur Həşimov isə hər iki ayağını itirib.

"Polis əməkdaşları onu ərazidən təhlükəsiz formada çıxarıb xəstəxanaya təhvil veriblər. Polis və Daxili Qoşunların əməkdaşları öz həyatlarını təhlükəyə ataraq hər tərəfi minalanmış əraziyə daxil olublar" - deyə xidmətdən qeyd edilib.

Faktla bağlı Füzuli rayon prokurorluğu Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və digər maddələr ilə cinayət işi başlayıb.

***

Füzuli sakinləri minaya düşüb. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, bu gün – iyulun 8-də Füzuli rayon sakinləri Nuru NuriyevElnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində piyada gedərkən minaya düşərək ağır bədən xəsarəti alıblar.

Bu açıqlamaya, hələlik, sözügedən şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycanın rəsmi qurumlarının bildirməsinə görə, 10 noyabr sazişindən sonra ölkənin 25 civarında vətəndaşı minaya düşüb həlak olublar, 100-dən çox şəxs isə müxtəlif xəsarət alıb.

Azərbaycan rəsmiləri son vaxtlara qədər bildirirdi ki, Ermənistan işğaldan azad edilən ərazilərdə minaların xəritəsini onlara vermir. Amma son həftələr Azərbaycanda saxlanılan Ermənistan hərbçilərindən bəzilərinin geri təhvil verilməsi əvəzi Ağdam, Füzuli və Zəngilan rayonlarında minalanmış ərazilərin xəritələrinin alındığı deyilir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.