Şəhər rəhbərliyi Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadı

Bakıda müxalifətin son razılaşdırılmış etiraz aksiyası 2019-cu ildə keçirilib.

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şuranın aprelin 27-də ölkə paytaxtında mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.

Şəhər rəhbərliyi mitinqin keçirilməsini "məqsədəuyğun" hesab etməyib.

Təşkilatçılar hazırda həbsdə aclıq aksiyası keçirən Milli Şura, Müsavat Partiyasının üzvü Tofiq Yaqublu və digər siyasi məhbus sayılan şəxslərin azadlıq tələbi ilə mitinq üçün BŞİH müraciət etmişdi.

Bakıda müxalifətin son razılaşdırılmış etiraz aksiyası 2019-cu ildə keçirilib. Ondan sonra şəhər rəhbərliyi, əsasən, paytaxtın mərkəzi ərazilərində nəqliyyatın sıxlığını səbəb göstərərək etiraz aksiyalarına müsbət cavab verməyib. Müxalifət də şəhər kənarında etiraz aksiyası keçirmək istəməyərək onlara müsbət cavab verilməməsini sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirib.

Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350-dən çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

T.Yaqubluya 9 il həbs cəzası verilib. Bu il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub. Bu hökmlə T.Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə təqsirli bilinib. Amma o, ittihamları qurama, siyasi sayır.