Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası iyunun 3-də keçiriləcək.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
İclasın gündəliyinə ilk məsələ kimi "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsi (birinci oxunuş) daxil edilib.
Habelə bir sıra məcəllə və qanunlara dəyişiklik nəzərdə tutulur.
Gündəlikdə ümumilikdə, hələlik, 7 məsələnin olduğu bildirilir.
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək. Bunu Milli Məclisin bu gün, mayın 30-da yaz sessiyası çərçivəsində son iclasında parlamentin sədri Sahibə Qafarova bildirib.
Spiker deyib ki, Milli Məclisin iyunda növbədənkənar sessiyası keçiriləcək: "85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib".
İclasda növbədənkənar sessiyanın keçirilməsinin motivi ilə bağlı məlumat verilməyib. Bu barədə deputatlar da mediaya, hələlik, açıqlama verməyiblər.
Ötən il növbədənkənar sessiyada olanlar...
Azərbaycanda bundan əvvəl də bir çox illərdə Milli Məclisin növbədənkənar sessiyaları keçirilib. Ötən il də bu, baş vermişdi. Onda dövlət büdcəsinə və bir çox qanunlara dəyişiklik edilmişdi. Növbədənkənar sessiyada büdcənin gəlir və xərcləri artırılmışdı.
Habelə parlamentin iyunun 21-də keçirilən iclasında (növbədənkənar sessiyanın davamı olaraq) Milli Məclis növbədənkənar seçkilərin təyin edilməsi üçün prezidentə müraciət etmişdi. Ondan bir gün əvvəl isə hakim Yeni Azərbaycan Partiyası (YAP) Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxış etmişdi. YAP-dan belə bir təşəbbüsü zəruri edən amil kimi həmin ilin noyabrında ölkədə keçiriləcək BMT iqlim konfransı (COP29) və başqa tədbirlər göstərilmişdi. Vurğulanmışdı ki, Konstitusiyaya əsasən, konfransın gerçəkləşəcəyi vaxtda - 2024-cü ilin noyabrında Milli Məclisə növbəti seçkilər keçirilməlidir. "Həm seçkilərin, həm də qeyd olunan tədbirlərin yüksək səviyyədə təşkili mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, həmin dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının məqsədəmüvafiqliyi də nəzərə alınmalıdır", - YAP-ın sədr müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov demişdi.