ToplumTV-nin əməkdaşı polisin ona xəsarət yetirdiyini deyir

Aksiyada saxlananların hamsı buraxılıb

İyunun 16-da Milli Məclisin qarşısında keçirilən etiraz aksiyasında saxlananların hamsı sərbəst buraxılıb. Bu barədə Azadlıq Radiosuna iyunun 17-də onların yaxınları məlumat verib.

İyunun 17-də Daxili İşlər Nazirliyi də həmin aksiyada Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlıya xəsrət yetirilməsi ilə bağlı onun şikayətinə də təkrar münasibət bildirib.
DİN-in vurğulamasına görə, “qanunsuz aksiyada guya ona qəsd edilməsi iddiaları əsassızdır, həqiqəti əks etdirmir.”

DİN-in mətbuat xidmətindən deyilib ki, bütün iddialar araşdırılıb, ərazidəki müşahidə kameralarına baxılıb: Araşdırmalarla məlum olub ki, F.Mövlamlı diqqətsizlikdən qəflətən hərəkət edən avtomobilin yoluna çıxıb.Aparılan tibbi rengten müayinələrində onun ayağında hər hansı fəsad – sınıq-çıxıq müəyyən edilməyib. Hadisədən sonra əlaqə saxlanılıb, onun vəziyyəti ilə maraqlanmışıq. Təəssüf edirik ki, belə xoşagəlməz hadisə baş verib.”

***

Həbsdə olan (dini kəsimə yaxın sayılan) bəzi şəxslərin yaxınları bu gün, iyunun 16-da Milli Məclisin qarşısında etiraz aksiyası keçirməyə cəhd ediblər. Onlar qohumlarının günahsız olduğunu iddia ediblər.

Polis aksiyanı keçirməyə icazə verməyib, iştirakçılardan bəziləri polis maşınına mindirilərək aparılıb.

Aksiyanı işıqlandıran Toplum TV-nin əməkdaşı Fatimə Mövlamlının da xəsarət aldığı bildirilir. Mövlamlının sözlərinə görə, aksiyanı işıqlandıran zaman polis avtomobili onun ayağının üstündən keçib: "Məncə, maşını sürən polis əməkdaşı bunu qəsdən etdi. Hazırda ayağım şişib və ayağımı yerə basa bilmirəm. Xəstəxanadayam, rentgen müayinəsindən keçəcəyəm. Kameram da xəsarət alıb".

Bu il Azərbaycanda dini kəsimə yaxınlığı ilə seçilən onlarca şəxsin (say dəqiq bilinmir) həbs edildiyi bildirilir. Onlara narkotiklə bağlı və başqa ittihamların verildiyi deyilir. Yaxınları ittihamları qəbul etmirlər.

DİN: 'Polisin əməlində qəsd yoxdur'

Daxili İşlər Nazirliyi (DIN) Mətbuat xidmətindən daha sonra "Turan"a bildirilib ki, aksiya iştirakçıları polisə dəvət olunub, araşdırma aparılır.

ToplumTV-nin əməkdaşı F.Mövlamlı ilə bağlı isə deyilib ki, polisin əməlində qəsd yoxdur, məsələ araşdırılır.