BŞİH Milli Şuranın mitinqini 'məqsədəuyğun' saymadı

Milli Şura Bakıda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın aprelin 21-də mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməyib.

Bu barədə AzadlıqRadiosuna Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) məlumat verilib.

Partiyadan vurğulandığına görə, qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

"Qanunsuz və Konstitusiyaya zidd..."

AXCP-də bu qərarı qanunsuz və Konstitusiyaya zidd hesab edirlər: "Hazırda müzakirələri aparırıq və növbəti addımlarla bağlı qərar elan ediləcək".

AXCP-dən bu deyilənlərə BŞİH-dən əlavə münasibət almaq mümkün olmayıb.

Milli Şura müraciətində şəhərin, əsasən, mərkəzi ərazilərində üç yer təklif edərək onların birində aksiya keçirmək niyyətini bildirmişdi. Aksiyada azad, ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması və korrupsiya ilə mübarizəyə aid tələblərin səslənəcəyi açıqlanmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur.

Milli Şura Azərbaycanda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib. Ondan sonra BŞİH Milli Şuraya təklif etdiyi yerlərdə yenə tıxacların yaranacağını və başqa oxşar amilləri səbəb göstərərək aksiya keçirməyi məqsədəuyğun saymamışdı. Əvəzində Milli Şuraya Lökbatan qəsəbəsindəki stadion təklif edilmişdi. Amma Milli Şura da həmin stadionun şəhərdən kənarda olduğunu əsas gətirərək orada aksiya keçirməkdən imtina etmişdi.

2020-ci ilin əvvəllərindən isə koronovirus pandemiyası ilə bağlı ölkədə karantin rejimi tətbiq edilib. Artıq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, karantin rejimi tam götürülməyib.