Nazir Cabbarova görə, amnistiya qanunsuz tikintiləri artıra bilər

Mikayıl Cabbarov

"Qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər". AZƏRTAC-ın xəbərinə görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov bu fikirləri mayın 20-də "Dünyada mənzil üçün qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların dəyişdirilməsi" mövzusunda keçirilən tədbirdə səsləndirib.

Nazir vurğulayıb ki, son illərdə çoxmənzilli yaşayış binalarının istismarına icazə verilməsi prosedurlarının sadələşdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılıb.

"Həmçinin əsas şəhərsalma standartlarına cavab verən fərdi evlər və bu tipli qeyri-formal yaşayış məskənləri üçün müəyyən amnistiyalar tətbiq etmişik. Bununla belə, təcrübəmiz göstərdi ki, leqallaşdırma məsələsinə çox ehtiyatla yanaşmaq lazımdır. Çünki qanunsuz tikililər üçün edilən sadə bir amnistiya müəyyən bir zaman kəsiyində bəzi sosial qayğıları həll edə bilsə də, gələcəkdə qeyri-qanuni tikintiləri daha da stimullaşdıra bilər", – deyə o əlavə edib.

Nazirin sözlərinə görə, bu, gələcəkdə təhlükəli evlərin tikilməsinə, torpağın nizamsız istifadəsinə və əkin sahələrinin, meşələrin, suların, həmçinin mühüm obyektlərin zərər görməsinə səbəb ola bilər.

Xatırlatma

Azərbaycanda artıq uzun illərdir ki, evlərin sənədləşdirilməməsi problemindən bəhs edilir. Bəzi ekspertlərin hesablamalarına görə, təkcə paytaxt Bakıda 500 min civarında sənədsiz ev var. Hələ 2011-ci ilin martında Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə prezident İlham Əliyev rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı xüsusi tapşırıq verdiyini açıqlamışdı. 2019-cu ilin mayında isə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirmişdi ki, prezident Əliyev onu şəxsən qəbul edərək yerlərdə görüşlər keçirməyi tapşırıb: "10 il, 20 il, 30 il yaşadığı evi rəsmiləşdirə bilməyən sakinlər var. Hazırda məsələ ilə bağlı yaradılmış komissiya çalışır. Prezident İlham Əliyev tərəfindən müvafiq sənəd hazırlanır. Əminəm ki, sənədsiz evlər məsələsi bütün ölkə üzrə birdəfəlik öz həllini tapacaq".

Lakin problem hələ də öz həllini tapmamış qalır.

Müstəqil ekspertlər hesab edirlər ki, hakimiyyət zaman-zaman məhz müəyyən siyasi məqsədlərlə bu problemin həllini gündəmə gətirib. Onların fikrincə, onilliklər ərzində hökumət nəinki problemi həll edib, əksinə, onun bir qədər də dərinləşməsinə göz yumub.