Noyabrın 12-də "Microsoft"un "Outlook" və "Teams" xidmətlərinin işində təxminən 10 saatlıq fasilə yaranıb. Nasazlıq dünya üzrə bu populyar platformalardan istifadə edən şirkətlərin və dövlət qurumlarının fəaliyyətinə təsir göstərib.
"Microsoft" son açıqlamasında xidmətlərin işini yaxşılaşdırmaq səylərinin gözlənildiyi kimi getmədiyini bildirib.
Şirkətdən verilən məlumata görə, "Microsoft 365"in "Exchange Online" və elektron poçtdan asılı digər funksiyaları nasazlıqla üzləşib. "Exchange Online"dan asılı olmayan funksiyalar isə adi qaydada işləməyə davam edib. "Exchange Online" şirkətin elektron poçt, təqvim, kontaktlar və tapşırıqların idarə olunmasını təmin edən bulud əsaslı mesajlaşma platformasıdır.
Avstraliyanın daxili işlər və kibertəhlükəsizlik naziri Toni Börk bildirib ki, "Microsoft" baş verənlərin kiberhücumla əlaqəli olmadığını düşünür. O, problemə uğursuz sistem yeniləməsinin səbəb ola biləcəyini vurğulayıb.
Yaranan problemlər Avstraliyanın kəşfiyyat xidməti və federal polisinə də təsirsiz ötüşməyib.
ABŞ Konqresinin Nümayəndələr Palatası isə nasazlığın onların istifadəçilərini də əhatə etdiyini və mühəndislərin problemi aradan qaldırmaq üçün "Microsoft"la birlikdə çalışdığını açıqlayıb.