Noyabrın 2-də dünyada Jurnalistlərə qarşı Cinayətlərə görə Cəzasızlığa Son Qoyulması Günü qeyd olunur. "Sərhədsiz Reportyorlar" (RSF) təşkilatı 2025-ci ildə jurnalistlərə və informasiya azadlığına hücum edən 34 "mətbuat azadlığı yırtıcısı"nın profilini hazırlayıb.
Qurum siyahıda olanları mətbuat azadlığına nifrətin birləşdirdiyini yazır. Onların metodları fərqlənsə də, məqsədləri eynidir: müstəqil media səslərini susdurmaq, xəbər və informasiya hüququnu tapdalamaq. Sükutu təmin edən vasitələr isə qətl, həbs, şantaj, propaqanda, troll ordusudur, - RSF bildirir.
RSF-in siyahısında Çin Kommunist Partiyası və başçısı Si Cinpin, Səudiyyə Ərəbistanının de-fakto lideri Məhəmməd bin Salman, Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, İranın ali dini lideri Əli Xamenei, Macarıstanın baş naziri Viktor Orbanın adları yer alıb. Onların hər biri bu il jurnalistlərə və mediaya qarşı güclü təqiblərlə fərqlənə biliblər.
İsrail ordusu, Myanmanın Dövlət Sülh və Təhlükəsizlik Şurası, Burkina Fasonun hərbi xuntası da siyahıdadır.
2025-ci ildə mətbuat azadlığının ovuna çıxanların texnologiyadan getdikcə daha çox istifadə etdiyi vurğulanır. Məsələn, amerikalı milyarder İlon Mask X sosial mediasından jurnalistlərin təqibi üçün yararlanır.
Azərbaycan prezidenti İlham Əliyev də RSF-in "mətbuat azadlığının düşmənləri" siyahısındadır.
2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30-dan çox jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Sonradan çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, indi Azərbaycan həbsxanalarında 390-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslarla həbs edilmir. Onlar iddia edirlər ki, həmin siyahılarda adları yer alanlar törətdikləri əmələ görə məsuliyyətə cəlb olunublar.
Amma beynəlxalq insan haqları qurumları da hakimiyyəti azad səslərə qarşı təqibləri dayandırmağa, haqsız tutulanları buraxmağa çağırır.