Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 9 faizə çatdırılıb. Habelə, faiz dəhlizinin aşağı həddi 0.5 bənd artırılaraq 7.5-ə, yuxarı həddi isə 0.25 bənd artırılaraq 10 faizə qaldırılıb.
Bununla bağlı Mərkəzi Bankın mayın 3-də yaydığı açıqlamada vurğulanır ki, bu qərar daxili, xarici mühitdə inflyasiya proseslərinə təsir göstərən amillərin dəyişimi və yenilənmiş makroiqtisadi proqnozlar nəzərə alınmaqla verilib: "Qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyl etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini iki dəfədən çox üstələmişdir. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16.8 faiz olmaqla yüksək olaraq qalır. Qeyri-ərzaq malları və xidmətlər üzrə qiymət artımı müvafiq olaraq illik əsasda 11.6 faiz və 10.8 faiz təşkil edir".
Pul siyasəti ilə bağlı növbəti qərar 2023-cü il iyunun 21-də açıqlanacaq.
Uçot dərəcəsi ölkədəki mövcud iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilir. İqtisadi nəzəriyyəyə görə, əgər inflyasiya səviyyəsi yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək-azaltmaq siyasəti həyata keçirir.
Əksinə, inflyasiya səviyyəsi endikcə, uçot dərəcəsi də adətən endirilir. İqtisadçılar hesab edirlər ki, bu halda əhalinin banklardan kredit götürməyi asanlaşır və iqtisadiyyatda canlanma yaranır.