Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırıb

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ilk dəfə uçot dərəcəsini artırıb. Bununla bağlı AMB fevralın 1-də məlumat yayıb.

Məlumatda bildirilir ki, İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25 faiz bəndi artırılaraq 8.5-ə qaldırılıb. Faiz dəhlizinin aşağı həddi 0.5 bənd artırılaraq 6.75-ə, yuxarı həddi isə 0.25 faiz artırılaraq 9.5-ə çatdırılıb.

"Bu qərar daxili, xarici mühitdə inflyasiyaya artırıcı və azaldıcı amillərin dinamikası nəzərə alınmaqla verilib", - AMB bildirir.

AMB hesab edir ki, 2022-ci ilin IV rübündən başlayaraq ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tədricən azalmağa başlayıb: "Beynəlxalq konyunkturun tədiyə balansı baxımından Azərbaycan üçün əlverişli qalması, habelə ölkənin strateji valyuta ehtiyatlarının artması qiymət sabitliyinin əsas lövbəri olan məzənnə sabitliyini gücləndirir. Son proqnozlar da 2023-cü ildə cari hesabın profisitli olacağını gözləməyə əsas verir".

AMB onu da əlavə edib ki, bununla belə, inflyasiya mühiti ilə bağlı qeyri-müəyyənliklər yüksək olaraq qalır.

Mərkəzi Bankın faiz dəhlizinin parametrləri barədə növbəti qərarı martın 29-da ictimaiyyətə açıqlanacaq.