Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank

Mərkəzi Bankın (MB-nin) İdarə Heyətinin qərarı ilə avqustun 8-dən uçot dərəcəsi 9.5 faiz səviyyəsinə qaldırılıb.

MB-dən verilən məlumata görə, likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı və yuxarı hədləri dəyişməz saxlanıb.

«Bu, pul bazarında manata olan inamın artmasına şərait yaratmaq məqsədini daşıyır. Bu tədbir eləcə də MB-nin sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq»,- deyə məlumatda qeyd edilir.

Uçot dərəcəsi (yenidən maliyyələşmə dərəcəsi)-Mərkəzi Bankın ölkənin digər banklarını pul kütləsi ilə təmin etməsidir.

Mərkəzi Bank kommersiya bankları və digər maliyyə təşkilatlarına kredit verir. Onlar da öz növbəsində həm adi vətəndaşları (fiziki şəxslər), həm də müxtəlif şirkət və təşkilatları (hüquqi şəxslər) kreditlə təmin edir.

Son dəfə MB 2016-cı il martın 4-dən uçot dərəcəsini 5 faizdən 7 faizə qaldırıb.
Likvidlik əməliyyatları üzrə faiz dəhlizinin aşağı həddi 4, yuxarı həddi isə 15 faizdir.