Azərbaycanda uçot dərəcəsi endirildi

Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsinin 0.5 faiz bəndi azaldılaraq 9 faizdən 8.5 faizə endirilməsi barədə qərar qəbul edib.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0.5 bənd azaldılaraq 7.5-dən 7-yə, yuxarı həddi isə 0.5 bənd azaldılaraq 10-dan 9.5-ə endirilib.

Qeyd olunub ki, bu qərar inflyasiyaya təsir edən xarici və daxili amillərin dəyişimi, eləcə də valyuta bazarında təklifin tələbi əhəmiyyətli üstələməsi nəzərə alınmaqla verilib.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar dekabrın 20-də açıqlanacaq.

Uçot dərəcəsi ölkədəki cari iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, Mərkəzi Bank uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək - azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir. Bu halda əhalinin banklardan kredit götürməyi asanlaşmalı və iqtisadiyyatda canlanma yaranmalıdır.

Uçot dərəcəsi aşağı olarsa, müvafiq olaraq, kredit faizləri aşağı düşməlidir. Amma bir çox hallarda Azərbaycanda belə olmur. Müstəqil iqtisadçılar deyirlər ki, Azərbaycanda uçot dərəcəsinin müəyyən edilməsi formal xarakter daşıyır.