Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5 faizdən 7.75 faizə yüksəldilib.
Bu barədə AMB bu gün, martın 18-də məlumat yayıb.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6-dan 6.25-ə, yuxarı həddi isə 9-dan 9.25-ə çatdırılıb.
AMB-nın açıqlamasında qeyd edilir ki, koronavirus pandemiyasının dünya iqtisadiyyatına, ticarətinə, məşğulluğa və maliyyə bazarlarına təsirlərinin qismən stabilləşməyə doğru getdiyi bir dövrdə qeyri-müəyyən dinamikaya malik yeni situasiya qlobal inflyasiya risklərini yüksəldib: "Fevral ayının sonundan başlayaraq qlobal birja əmtəələrinin, xüsusilə də enerjidaşıyıcıların, taxıl məhsullarının qiymətləri tarixi rekordları yeniləyərək ortamüddətli qlobal inflyasiya proqnozlarına və onun milli iqtisadiyyata ötürücülüyü perspektivlərinə əhəmiyyətli təsir edib. Bu şəraitdə ölkə iqtisadiyyatında qiymətlər səviyyəsinin yüksələn idxal qiymətlərindən təsirlənmə potensialı əhəmiyyətli artıb…".