Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilib.
Bununla bağlı prezident İlham Əliyev aprelin 13-də sərəncam imzalayıb.
Qısa tanışlıq…
Taleh Kazımov 1983-cü il sentyabrın 11-də Bakıda doğulub.
Ali təhsilini 2000–2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və kompüter mühəndisliyi" fakültəsində alıb.
2004–2006-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramı çərçivəsində maliyyə ixtisası üzrə "Biznesin idarə edilməsi (MBA)" magistr dərəcəsinə yiyələnib.
2015-ci ildə o, "PAŞA Bank"ın İdarə heyətinin sədri və Baş icraçı direktoru vəzifəsinə təyin olunub. 2015 – 2018-ci illərdə "PAŞA Bank Gürcüstan" ASC-nin Müşahidə Şurasının üzvü, 2015–2019 illərdə isə Azərbaycanda Amerika Ticarət Palatasının (AMCHAM) Direktorlar Şurasının üzvü və vitse-prezidenti olub.
O, bu postda Elman Rüstəmovu əvəz edəcək. E.Rüstəmov 1995-ci ildən Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri idi. O, aprelin 13-də baş nazir Əli Əsədovun müşaviri təyin edilib.