Azərbaycan Mərkəzi Bankı (AMB) inflyasiya gözləntisini yüksəldib. Qurumun 6 may tarixli açıqlamasına əsasən, illik inflyasiyanın 2026-cı ildə 5.9 faiz, 2027-ci ildə isə 4.5 faiz olacağı proqnozlaşdırılır. Halbuki, bundan üç ay əvvəl, fevral proqnozlarına görə, illik inflyasiyanın 2026-cı ildə 5.5 faiz, 2027-ci ildə isə 4 faiz olacağı gözlənilirdi.
AMB inflyasiya təzyiqinin artmasını əsasən xarici mənşəli xərc amilləri ilə əlaqələndirir. Bankın rəyinə görə, qlobal ərzaq qiymətlərinin yüksəlməsi, ticarət tərəfdaşlarındakı inflyasiya və nominal effektiv məzənnənin möhkəmlənmə tempinin zəifləməsi bu artımda həlledici rol oynayır.
Qurum əlavə edir ki, 2026-cı ilin martında illik inflyasiya 5.6 faiz təşkil edib.
Lakin müstəqil iqtisadçılar rəsmi rəqəmləri sual altına alaraq real inflyasiyanın son bir ildə ikirəqəmli həddə çatdığını iddia edirlər. Ekspertlər inflyasiyanın yalnız xarici amillərlə izah edilməsi ilə razılaşmırlar. Onlar daxili qiymət artımlarına diqqət çəkərək ilin əvvəlindən yanacağın bahalaşmasını, vergi və rüsumların artırılmasını inflyasiyanı tətikləyən əsas daxili səbəblər kimi vurğulayırlar.