Erdoğandan Avropaya “ya viza, ya da miqrantlar” hədəsi

Recep Tayyip Erdoğan

Türkiyə prezidenti bəyan edib ki, onun ölkəsinin vətəndaşlarına Avropa İttifaqına vizasız gediş-gəliş verilməsə, Türkiyə parlamenti miqrant sazişini ratifikasiya etməyəcək

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, onun ölkəsinin vətəndaşlarına Avropa İttifaqına vizasız gediş-gəliş verilməsə, Türkiyə parlamenti Avropa ilə Davutoğlunun imzaladığı miqrant sazişini ratifikasiya etməyəcək.

Mart ayında əldə edilmiş razılaşmaya görə Türkiyə, onun Şengen zonasına daxil edilməsi müqabilində, Avropaya gedən miqrantları qəbul etməli idi. Bu saziş Avropaya kütləvi miqrant axınını dayandırmalı idi.

Angela Merkel və Erdoğan arasında "açıq və kəskin" söhbət olub

Lakin Avropa İttifaqı bildirir ki, Türkiyə Şengen zonasına daxil olmaq üçün özünün antiterror qanunlarına yenidən baxmalıdır.

Prezident Erdoğan bunu da bəyan edib ki, miqrantların qəbulu müqabilində Türkiyəyə vəd olunmuş pullar hələ də ödənməyib.

Avropa İttifaqı isə bildirir ki, Türkiyə Şengen zonasına daxil edilmək üçün 72 şərti yerinə yetirməlidir.

Almaniya kansleri Angela Merkel deyib ki, Ankara bütün bu şərtlərə vaxtında əməl edə bilməyəcək.

Merkelin Erdoğanla “kəskin söhbəti”

Xanım Merkel İstanbulda keçirilən Dünya Humanitar sammitinin ərəfəsində Erdoğanla görüşüb.

Almaniya kansleri Erdoğana xüsusilə də Türkiyədə yenicə qəbul edilmiş “antiterror” qanunu ilə bağlı narahatlığını ifadə edib.

Merkel mətbuata bəyanatında söhbətin olduqca açıq xarakter daşıdığını dilə gətirib.

O millət vəkillərinin toxunulmazlığını ləğv edən qanundan ciddi narahat olduğunu Türkiyə prezidentinin nəzərəinə çatdırıb və işarə edib ki, bu qanun Erdoğana opponentlərini mandatdan məhrum etmək üçün lazımdır.

"Əlbəttə, birdən-birə deputatların dörddə birinin immunitetdən məhrum edilməsi dərin nigarançılıq mənbəyidir və mən bunu prezidentin nəzərinə çatdırdım” – deyib Merkel.