Məktəbdə yenə kütləvi zəhərlənmə…

Azərbaycan paytaxtı Bakının Binə qəsəbəsində 149 saylı orta məktəbdə kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

15 şagird xəstəxanaya aparılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Turan” Agentliyinə deyilib ki, aprelin 18-də Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları 15 məktəblini (8-i qız, 7-si oğlan) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyə ediblər:

“Onlara zəruri tibbi xidmətlər göstərilib. 9 nəfər ambulator müalicə üçün artıq evə buraxılıb. Hazırda 6 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mətbuat xidmətindən isə deyilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı onların mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları araşdırmalara başlayıblar:

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək".

Bu ayın 7-də Bakı şəhəri 20 nömrəli məktəb-liseydə dəşagirdlərin kütləvi zəhərlənməsinin baş verdiyi açıqlanmışdı. Onda isə 6 şagird xəstəxanaya aparılmışdı.

Həmin vaxt məktəbin büfetindən toyuq əti alan uşaqlarda qarın ağrıları müşahidə edildiyi deyilirdi.

Baş Prokurorluqdan da bildirildi ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə həmin fakt üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.