Məktəbdə kütləvi zəhərlənmə olduğu deyilir

20 nömrəli məktəb-lisey

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə kütləvi zəhərlənmə baş verdiyi bildirilir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Turan"a verilən məlumata görə, aprelin 6-da məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub: "Məktəb rəhbərliyi təcili-tibbi yardım çağırıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, altı nəfər Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan üçü ambulator müalicə üçün evə buraxılıb: "Hazırda vəziyyətləri qənaətbəxş olan iki nəfərə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır kimi qiymətləndirilən bir nəfərə isə Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

Baş Prokurorluğun Mətbuat xidmətindən isə deyilib ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır: "İlkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib".

Amma məsələyə nə həmin məktəb-liseyin, nə də ki, müəssisənin bufetinin rəhbərliyindən münasibət almaq mümkün olub.