Şəkidə şagirdlərin kütləvi şəkildə səhhəti pisləşib

Təcili yardım

Şəki rayon Qudula kənd orta məktəbində şagirdlərin səhhətində kütləvi pisləşmə qeydə alınıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Turan"a bildirilib ki, 24 şagird və üç müəllimin zəhərləndiyi güman edilir.

Qurumdan vurğulanıb ki, hadisədə zərər çəkmiş bütün şagirdlər və işçi heyət Şəki şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb: "Narahatlıq keçirmiş şəxslərin sağlamlıq vəziyyətinin artıq normal olduğu, onların tezliklə evə buraxılacaqları bildirilir".

Əlavə edilib ki, ilkin araşdırmalara görə, baş verənlərə məktəbdə mayın 19-da aparılmış dezinfeksiya işi səbəb olub: "Belə ki, mayın 23-də hava temperaturunun yüksək olması məktəbin inzibati binasının zirzəmi qatına səpilmiş dezinfeksiya maddələrinin buxarlanaraq zəhərlənmə yaratdığı ehtimal edilir".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan da Qudula kənd orta məktəbinin 24 şagird və üç müəlliminin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilməsini təsdiqləyiblər: "Faktla bağlı araşdırmalara başlanılıb və hadisənin başvermə səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq. Xəstəxanaya müraciət edən şəxslərə lazımi tibbi yardım göstərilib və vəziyyətləri normaldır".

Hələlik, xəstələr və onların yaxınları ilə isə danışmaq mümkün olmayıb.