Məktəblərdə geyim qaydaları dəyişdi: Hicab mübahisəsi bitəcəkmi?

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblərdə hicab problemi İranla gərginliyə görədir?

Azərbaycan Nazirlər Kabineti dövlət məktəblərində şagirdlərin geyim formaları ilə bağlı qaydalara sentyabrın 21-də rəsmi dəyişikliklər edib.

Qərara əsasən, şagirdlərin məktəbli formasından fərqli və ya təhsilin dünyəvilik prinsipinə zidd olan geyimlərdən istifadə etməsi qadağandır.

Vurğulanır ki, Azərbaycan xalqının tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı tədbirlərdə şagirdlər milli geyim və ya onun elementlərindən istifadə edə bilərlər, amma bunun üçün məktəbin Pedaqoji Şurasının icazəsi mütləqdir.

Bildirilir ki, uşaqların məktəbə müəyyən olunmuş geyimdə gəlməsinə valideynlər məsuliyyət daşıyır.

"Bu sənədin tələblərinə təhsilalanlar tərəfindən riayət olunması ilə bağlı məsələləri məktəbin Pedaqoji Şurası həll edir", - qərarda yazılır.

4 il əvvəlki qərar və hicab şikayətləri

Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması Nazirlər Kabinetinin 17 mart 2022-ci il tarixli qərarı ilə təsdiq edilib və mərhələli şəkildə tətbiq olunmağa başlanılıb.

Məktəblərin daxili nizamnaməsi də bütün şagirdlərin dərsə vahid formada gəlməsini tələb edir. Amma tələblərdə hicabla bağlı hər hansı bir qeyd yox idi.

Bəzi ekspertlər bunu "bilərəkdən buraxılmış boşluq" kimi qiymətləndirirdilər.

Hər halda, istər 2022-ci il qərarından əvvəl, istərsə də sonra Azərbaycanda bir sıra valideynlər uşaqlarının məktəbə hicabla buraxılmamasından şikayət edirdilər. "Konstitusiyanın 42-ci maddəsinə əsasən, bizim təhsil haqqımız var. Amma dini inancımıza görə uşaqlarımız, övladlarımız məktəbə buraxılmır", - bu il Sumqayıtda yaşayan valideynlərdən biri AzadlıqRadiosuna bildirmişdi.

Hətta 2012-ci ildə Bakıda, Təhsil Nazirliyinin binası qarşısında hicabla bağlı icazəsiz aksiya keçirilmiş və polislə qarşıdurma yaranmışdı. Sonradan həmin hadisələrlə bağlı həbs edilənlər də oldu.

İndi bəzi ekspertlər hesab edirlər ki, qərara bu son dəyişikliklər sözügedən məsələ ilə bağlı hüquqi boşluğu aradan qaldıra bilər.