Azərbaycanda Xırdalan şəhər 1 və 9 nömrəli orta məktəbin direktorları haqqında intizam tənbehi görülüb.
Bu barədə “Turan” Agentliyinə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Məlumata görə, sosial şəbəkələrdə Abşeron rayonu Xırdalan şəhərində iki tam orta məktəbin bəzi sinflərinin tədris ilinin yekunu ilə əlaqədar keçirilmiş tədbirləri ilə bağlı videogörüntülər yayılıb.
Bildirildiyinə görə, hər iki məsələ ilə bağlı xidməti araşdırma aparılıb.
İdarədən qeyd edilib ki, tədbirlər iyunun 10-u və 11-də keçirilib:
“…Tədbirlə bağlı yayılan videogörüntülərdə valideynlər tərəfindən ibtidai sinif müəllimlərinə qiymətli hədiyyənin təqdim olunması əks edilib".
Vurğulanıb ki, bu tipli tədbirlərin təşkilinə ciddi nəzarətin olmamasına görə, Abşeron rayonu Xırdalan şəhər 1 və 9 nömrəli orta məktəbin direktorları barəsində intizam tənbehi tədbiri tətbiq olunub. Eyni zamanda müəllimlərlə söhbət aparıldığı açıqlanıb:
"Belə hallara yol verilməməsi ilə bağlı dəfələrlə məktəb rəhbərlərinə təlimat və tapşırıqlar verilib, müxtəlif cəza tədbirləri həyata keçirilib".
İdarədən habelə vurğulanıb ki, göstərilən halların yenidən baş verməməsi üçün valideynləri belə təşəbbüslərdən çəkinməyə çağırıblar.
Amma bu məlumata, hələlik, sözü gedən məktəblərin direktorları, adları çəkilən müəllimləri, valideyinlər və başqa rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.