Mehriban Rəhimlinin məhkəməsi başladı: 'İstintaq maaşı qrant kimi təqdim edib'

Mehriban Rəhimli

Uzun illər ABŞ-nin Alman Marşall Fondunun Cənubi Qafqaz və Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimlinin məhkəməsi başlanıb. Bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Kərimovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

M.Rəhimli Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq təşkilatlarla bağlı aparılan istintaq çərçivəsində son bir il ərzində cinayət məsuliyyətinə cəlb olunan 15-ə yaxın vətəndaş cəmiyyəti təmsilçisindən biridir. Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Fevralın 11-də məhkəmənin ilkin hazırlıq iclasında vəkili Cavad Cavadov onun haqqında cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, M.Rəhimlinin maaş kimi aldığı vəsait bu cinayət işində qrant kimi təqdim olunub: "İstintaq maaşı qrant kimi təqdim edib. Halbuki, o vəsaitin vergisi verilib, sosial sığortası ödənilib".

Müdafiəçi əlavə edib ki, hətta qrant alınmasından söhbət getsə belə, yenə də cinayət tərkibi yaranmır, çünki qrantlarla bağlı tələblərin pozulması halı olsa da, buna inzibati xəta kimi baxıla bilər.

M.Rəhimli haqqında istintaq dövründə polis nəzarətinə vermə növündə qətimkan tədbiri seçilmişdi. Vəkili məhkəmə prosesi müddətində onun haqqında başqa yerə getməməyə dair iltizam qətimkan tədbirinin seçilməsini istəyib və bu barədə də vəsatət qaldırıb.

M.Rəhimlinin özü də vəsatətlərə münasibət bildirərkən haqqındakı cinayət işini əsassız adlandırıb. O, 2008-ci ildən Alman Marşall Fondunda çalışdığını xatırladaraq bildirib ki, bu müddətdə heç vaxt qrant almayıb. İşlədiyi müddətdə xidmət müqaviləsi əsasında məvacib alıb, bütün vergilərini də ödəyib. Gördüyü iş isə Gürcüstan və Azərbaycanda təşkilatlardan, bələdiyyələrdən və s. gələn layihələrə ekspert kimi ilkin rəy vermək olub.

Hakimlər qaldırılmış vəsatətlərin heç birini təmin etməyiblər.

M.Rəhimlinin işi üzrə məhkəmə baxışı fevralın 25-nə təyin olunub.

Xatırlatma

Baş Prokurorluğun İstintaq İdarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları (QHT) ilə bağlı cinayət işi üzrə təqsirləndirilən əksər vətəndaş cəmiyyəti fəallarının hazırda məhkəməsi gedir. Onların arasında "Vətəndaş Hüquqları İnstitutu" İctimai Birliyinin rəhbəri Bəşir Süleymanlı, "Seçki Müşahidə" Alyansının rəhbəri Məmməd Məmmədzadə (Məmməd Alpay), "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, sosial işçi Zamin Zəki, qadın haqları müdafiəçisi Nərgiz Muxtarova, ictimai fəallar - Aygül Pəncəliyeva, Asəf Əhmədov və başqaları var.

Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında isə həbsli axtarış qərarı verilib.

QHT təmsilçiləri ittihamları qəbul etmirlər.