Jurnalist müalicə müəssisəsinə köçürülüb

Əziz Orucov

"Kanal 13" internet televiziyasının həbsdə olan rəhbəri Əziz Orucovun səhhətində problemlər yarandığı bildirilir.

Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib. Onun sözlərinə görə, jurnalistin əsəbləri pozulub: "Əlləri əsir, əsəbləri pozulub. Əziz qapalı şəraitdə qala bilmir, dərhal vəziyyəti pisləşir".

Vəkil qeyd edib ki, Ə.Orucov Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin müalicə müəssisəsinə köçürülüb, hazırda müalicə alır.

Vəkilin bu açıqlamasını, hələlik, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən dəqiqləşdirmək mümkün olmayıb.

Buna da bax: 'Hökumətlə dialoqlarda jurnalist həbslərindən narahatlığımızı, gözləntilərimizi çatdırırıq’
1 aprel

Əziz Orucovun apellyasiya şikayəti təmin edilmədi

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucovun həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından verilən apellyasiya şikayəti təmin edilməyib.

Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

Səbail rayon Məhkəməsinin həmin qərarı martın 19-da qəbul edilmişdi. Onda həm Ə.Orucovun, həm də bu televiziyanın əməkdaşı Şamo Eminovun ilkin həbs müddəti uzadılmışdı.

L.Orucova Ə.Orucov ilə bağlı Səbail və Bakı Apellyasiya məhkəmələrinin qərarlarını əsassız sayır: "Noyabrdan bir dənə də olsun istintaq hərəkəti aparılmayıb".

Bu açıqlamaya, hələlik, istintaqı aparan Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ə.Orucov ötən il noyabrın 27-də saxlanıb və qanunsuz tikinti aparmaqda ittiham olunub, məhkəmə onu ilkin olaraq üç ay müddətinə həbs edib. Sonra həbs müddəti uzadılıb. Dekabrın 19-da ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

"Kanal-13" ilə əməkdaşlıq edən jurnalist Ş.Eminov isə dekabrın 22-də saxlanıb və qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

Azərbaycanda son aylar 10-a qədər jurnalist tutulub. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib. Onlar ittiham ilə razılaşmırlar və onu peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər də ölkədə jurnalistlərin sırf peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.