Azərbaycanda Media və Yayım Şurası yaradılır: iki qurumun funksiyaları birləşir

Bakıda yeni media qanununa etiraz aksiyası. 2021

Azərbaycanda yeni dövlət qurumunun – Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur.

Bu, iyunun 16-da Milli Məclisin İnsan Hüquqları Komitəsində müzakirə olunan "Dövlət qulluğu" və "Media" qanunlarına düzəlişlər layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, Media və Yayım Şurası ölkədə bu sahə üzrə səlahiyyətli dövlət orqanı olacaq. Yeni qurum Medianın İnkişafı Agentliyi (MEDİA) və Audiovizual Şuranın funksiyalarını üzərinə götürəcək.

Qanun layihəsində yeni təsis ediləcək quruma daha iki mühüm və geniş səlahiyyətin verilməsi təklif olunur:

Rəqəmsal məzmunun təhlili: sosial şəbəkə platformalarında və mediada yayımlanan rəqəmsal materialları təhlil etmək və nəticələrinə uyğun tədbirlər görmək.

Qanun pozuntularına qarşı müdaxilə: Media subyektlərinin fəaliyyətində qanun pozuntuları aşkarlandıqda müvafiq sanksiyaların tətbiqi üçün aidiyyəti dövlət orqanlarına rəsmi müraciət etmək.

Müstəqil ekspertlərin tənqidləri

Bir sıra müstəqil ekspertlər isə dəyişikliklərin cəmiyyətin inkişafına töhfə verəcəyinə şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu addım ictimai nəzarət və özünütənzimləmə mexanizmlərini tamamilə sıradan çıxarır. Ekspertlərin fikrincə, layihədəki bir çox bənd mürtəce xarakter daşıyır.

Dörd il əvvəl ölkədə "Media haqqında" yeni qanun qəbul edilərkən də həm yerli, həm də beynəlxalq mütəxəssislər tərəfindən ciddi tənqidlər səsləndirilmişdi. Onlar xüsusilə Media Reyestrinin tətbiqini müstəqil media orqanlarının fəaliyyətinin tam məhdudlaşdırılması kimi dəyərləndirmişdilər.

Medianın İnkişafı Agentliyi (MEDİA) dövlət başçısının "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında" 2021-ci il 12 yanvar tarixli fərmanı ilə yaradılıb. Milli Televiziya və Radio Şurasının xələfi olan Audiovizual Şuranın isə 24 illik fəaliyyət tarixi var.

Hazırda Azərbaycanda 20-dən çox jurnalist əsasən qaçaqmalçılıq ittihamı ilə həbsdədir. Media Reyestrində əsasən yer almayan həmin jurnalistlər ittihamları qəbul etmir və həbslərini birbaşa peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Rəsmilər isə, bir qayda olaraq, iddia edirlər ki, jurnalistlər tənqidi yazılara görə deyil, konkret qanunsuzluqlara yol verdikləri üçün məsuliyyətə cəlb olunublar.