"Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanasında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışla bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.
Yerli saytların məlumatına görə, bu gün, noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə Tağı İbrahimov və Toğrul Rzayev 6 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirdilər.
Bundan əvvəl keçirilən prosesdə bəlli olmuşdu ki, işdə zərərçəkmiş kimi tanınanlardan bəziləri ilə kompensasiya əvəzində barışıq da əldə edilib. Amma kompensasiyanı qəbul etməyənlərin olduğu da bildirilirdi.
Ötən il yanvarın 15-də Bakının Binəqədi rayonunda "Bakı Ağac Emalı" ASC-nin ərazisində yerləşən mebel emalatxanalarında 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla müşayiət olunan partlayış baş vermişdi.
İbtidai istintaqla ASC-nin faktiki sahibi kimi təqdim edilən T.İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirdiyi bildirilən T.Rzayev təqsirləndirilən şəxslər kimi tanınaraq həbs edilmişdilər.
T.İbrahimova Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması), T.Rzayevə isə yalnız 225.3-cü maddəsi ilə yekun ittiham elan edilmişdi.
T.İbrahimovun Diasporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbrahimovun qardaşı olduğu bildirilir.