Əliyev Sankt-Peterburqa getmədi. Kremldən açıqlama

Putin və Əliyev Moskvada MDB sammitində.

Moskvada Azərbaycan prezidenti İlham Əliyevin MDB ölkələrinin qeyri-rəsmi sammitində iştirak etməməsinin səbəbini anlayırlar, - bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz tamamilə anlayışla yanaşırıq. Həqiqətən də, bütün dövlət başçılarının çox gərgin iş qrafiki var, xüsusən dekabrda, Yeni il ərəfəsində", - o vurğulayıb.

Peskov əlavə edib ki, Azərbaycan MDB-nin bütün formatlarında iştirakını davam etdirir: "Biz Azərbaycanla tərəfdaşlıq münasibətlərimizi, konstruktiv əməkdaşlığı inkişaf etdirməyə davam edirik".

+++

Prezident İlham Əliyevin dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurası iclasında və Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının dekabrın 22-də gerçəkləşəcək qeyri-rəsmi zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb.

Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə prezident Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına qatılmayıb.

Açıqlamaya görə, dövlət başçısı MDB sammitində isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Azərbaycanın da üzv olduğu MDB-nin dövlət başçılarının Sankt-Peterburqda qeyri-rəsmi zirvə görüşü hər il keçirilir.

Prezident Əliyev ötən il də bu sammitə qatılmamışdı. Onda bu, AZAL təyyarəsinin Qazaxıstanda qəzaya uğraması ilə izah edildi. Bu məsələ iki ölkə arasında gərginliklə müşahidə edilmişdi. Azərbaycan rəsmiləri vurğulayırdı ki, təyyarə Rusiya ərazisində vurulub və 30-dan çox insan həlak olub. Onların mövqeyinə görə, Rusiya tərəfi üzr istəməli, təqsirkarlar məsuliyyətə cəlb edilməli və zərərçəkən ailələrə kompensasiya ödənilməlidir. Kreml rəhbərliyi hadisə ilə bağlı üzrxahlıq etsə də, rəsmi Bakının başqa istəklərini gerçəkləşdirmirdi. Nəhayət, oktyabrın 9-da ölkə rəhbərlərinin Düşənbədə görüşündə Rusiya prezidenti təyyarənin onların ərazisində vurulmasını etiraf edərək müqəssirlərin cəzalanacağı və kompensasiya ödəniləcəyi ilə bağlı vəd verib.

Buna qədər həm Bakıda Rusiya vətəndaşları, o cümlədən "Sputnik-Azərbaycan"ın rəhbər şəxsləri və həm də Rusiyada Azərbaycan diasporunun bir çox təmsilçiləri həbs edilmişdilər. Liderlərin görüşündən sonra Rusiyada bəzi həbs edilən diaspor təmsilçiləri (hərçənd belə həbslər hələ də davam edir) və "Sputnik-Azərbaycan" təmsilçiləri azadlığa buraxıldılar.

"Azərbaycan prezidentinin zirvə toplantısına qatılması ehtimalı az idi"

Məsələni şərh edən politoloq Elxan Şahinoğlu da xatırladıb ki, Putin oktyabrın 9-da Düşənbədə Əliyevlə görüşdə ötən ilin dekabrında təyyarə qəzasında ölənlərin ailələrinə və yaralananlara kompensasiya ödəniləcəyini vəd etmişdi. "Putin söylədiklərinin heç birini yerinə yetirmədi, nə kompensasiya ödənildi, nə də vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verildi. Bundan başqa, Qazaxıstan təyyarə qəzası ilə bağlı yaratdığı komissiyanın yekun hesabatını da açıqlamayıb. Halbuki, bütün faktlar ilk gündən bəlli idi. Bunlar varkən, Kreml Rusiyada azərbaycanlıların formalaşdırdıqları diaspor təşkilatlarını nəzarətə götürməyə və özünə loyal şəxsləri diaspor rəhbərliyinə təyin etməyə başladı", - o, Facebook səhifəsində yazıb.

E.Şahinoğlunun fikrincə, belə vəziyyətdə Əliyevin Sankt-Peterburqda işinə başlayan MDB dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısına qatılması ehtimalı az idi.

Hələlik Əliyevin sammitə qatılmamasına Kremldən münasibət bildirilməyib.