ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev arasında təmas olub.
X hesabında paylaşım edən Uolts Cənubi Qafqazda münaqişəyə son qoyulması gərəkdiyini bildirib.
"Biz Azərbaycan və Ermənistanın irəliyə doğru böyük addım atmasından və sülh müqaviləsi ilə bağlı razılıq əldə etməsindən məmnunuq. Mən ona bildirdim ki, biz bu sülh sazişini indi yekunlaşdırmalıyıq, məhbusları azad etməli və regionun daha təhlükəsiz, firavan olması üçün birlikdə çalışmalıyıq. Amerikanın Qızıl Dövrü dünyaya sülh və firavanlıq gətirəcək və bu baş verənə qədər biz işləməyi dayandırmayacağıq", - Uolts paylaşımında yazıb.
Azərbaycan rəsmi dairələri, hələlik, Hacıyev-Uolts danışığına dair açıqlama yaymayıb.
Azərbaycanla Ermənistan bu həftənin əvvəlində sülh sazişinin mətnini razılaşdırdıqlarını açıqlayıblar. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov hazırkı dönəmdə sülh müqaviləsinin imzalanmasına əsas maneənin Ermənistanın konstitusiyasının olduğunu bildirib. Ermənistan rəsmiləri isə, öz növbəsində, razılaşmanı imzalamaq üçün yeri və zamanı müzakirə etməyə hazır olduqlarını bildiriblər.