Mayamidə yük təyyarəsi uçuş zolağından çıxıb. Beş nəfər həlak olub

Qəzaya uğrayan yük təyyarəsi

ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında "Amazon Prime Air" yük təyyarəsi ilə bağlı insidentdə beş nəfər həlak olub, beş nəfər xəsarət alıb. Xəbəri "Reuters" və "The Associated Press" yayıb.

Sentyabrın 6-da, yerli vaxtla təxminən saat 14:00-da Puerto-Rikonun paytaxtı San-Xuandan gələn "Boeing 767" təyyarəsi uçuş-enmə zolağından çıxıb, yerdəki bir neçə avtomobillə toqquşub və yanmağa başlayıb.

Yerli yanğından mühafizə xidmətinin rəhbəri Rey Cadalla deyib ki, təyyarənin hər iki pilotu kabinədə, bəzi insanlar isə avtomobillərində köməksiz qalıblar. Yaralanan beş nəfərdən üçünün vəziyyəti ağırdır.

"Amazon" şirkətinin məlumatına görə, "21 Air" şirkətinin istismar etdiyi təyyarə eniş etməyə çalışırmış.

"Hadisə haqqında daha çox məlumat əldə etmək üçün yerli hakimiyyət orqanları və rəsmilərlə sıx əməkdaşlıq edirik. İstənilən araşdırma ilə tam əməkdaşlıq edəcəyik", – şirkətin təmsilçisi Kelli Nantel bildirib.

Rəsmilər ölənlərin kimliyini açıqlamayıb.