Son günlər Masallı rayonunun Təzəkənd kəndinin sakinləri ilə polis əməkdaşları arasında insident baş verdiyi deyilir.
Adının açıqlanmasını istəməyən şəxsin "Turan"a bildirməsinə görə, kəndin sakinləri, əsasən, ovçuluq və balıqçılıqla məşğul olurlar: "Polis onlara mane olub, xəsarət alanlar olub".
Bu gün, yanvarın 26-da isə Lənkəran rayonunun Nərimanabad qəsəbəsinin ərazisində da oxşar olaylar yaşandığı deyilir. Yerli sakinlərdən biri bildirib ki, Təzəkənd Masallı rayonunun kəndi olsa da, bəzi sakinləri Lənkəranın dəniz ərazisində ov edirlər: "Bu gün, yanvarın 26-da Lənkəranın dənizə çıxış hissəsi olan Nərimanabad qəsəbəsinə yüzlərlə maskalı, kaskalı polis yeridilib. Saxlanılanlar Lənkəran rayon Liman şəhər polis bölməsinə daşınır. Olay Nərimanabad qəsəbəsi ərazisində olsa da, Təzəkənd sakinləri ilə polis arasında baş verib. Polis kəndin giriş və çıxışını bağlayıb".
DİN-dən izah…
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan isə "Turan"a bildirib ki, Masallının Təzəkənd kəndinin sakinləri Qızılağac Milli Parkında qanunsuz ovçuluq etməyə çalışıblar: "Parkın əməkdaşları tərəfindən onlara xəbərdarlıq edilməsinə baxmayaraq, onlar buna məhəl qoymayıblar. Əraziyə dəvət olunan polis əməkdaşları tərəfindən onlarla izahedici söhbət aparılıb, onlar ərazidən uzaqlaşdırılıblar".
Məlumata görə, hazırda Lənkəran Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Nazirlikdən yanvarın 26-da deyilən ərazidə hər hansı insidentin baş vermədiyi bildirilib.