Yanğın söndürülüb, 7 nəfər xəstəxanaya yerləşdirilib

Masallıda "Köhnə bazar” kimi tanınan ticarət mərkəzində yanğın

Masallı şəhərində bazar ərazisində baş vermiş yanğın söndürülb.

Bu barədə oktyabrın 6-ı axşam saatlarında Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin Baş Prokurorluqla birgə yaydığı məlumatda isə qeyd edilir ki, yanğın “Cavid-F” MMC-yə məxsus ticarət mərkəzinin ərazisində baş verib:

“Ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektləri içərisindəki müxtəlif çeşidli mallarla birlikdə yanğının təsirinə məruz qalıb, 7 nəfər şəxs isə yanıq xəsarətləri ilə Masallı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib, hazırda müalicələri davam etdirilir. Fakta görə Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarını pozma) cinayət işi başlanıb”.

Amma yanğının dəqiq səbəbi və dəyən ziyanın miqdarı, hələlik, acılanmır.

Məsələyə ticarət mərkəzinin rəhbərliyi və ziyan çəkən sahibkarlardan isə münasibət almaq mümkün olmayıb.

***

Yerli saytların məlumatına görə, yanğınla bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına dörd nəfər müraciət edib. Onlardan birinin qolundan yanıq xəsarəti aldığı, digər şəxslərin isə tüstüdən zəhərləndikləri bildirilir.

+++

Masallı şəhər bazarı yanır.

Bu barədə bu gün, oktyabrın 6-ı günün ikinci yarısında Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Hadisənin səbəbi, dəyən ziyan haqqında, hələlik, bilgi verilmir.