Rubio Rusiya xalqını təbrik edib

Marko Rubio

ABŞ Dövlət Departamentinin saytında dövlət katibi Marko Rubionun 12 iyun - Rusiya Günü münasibətilə təbriki dərc olunub.

Təbrikdə deyilir: "Amerika xalqı adından Rusiya xalqını Rusiya Günü münasibətilə təbrik edirəm. ABŞ Rusiya xalqının daha parlaq gələcəyə doğru səylərini dəstəkləməyə sadiq qalır. Biz fürsətdən istifadə edərək Rusiya və Ukrayna arasında davamlı sülhə nail olmaq üçün ABŞ-nin Rusiya Federasiyası ilə konstruktiv əməkdaşlığa sadiqliyini bir daha təsdiqləmək istəyirik. Ümid edirik ki, bu sülh ölkələrimiz arasında qarşılıqlı faydalı münasibətlərin təməlini təşkil edəcək".

Rusiya Günü münasibətilə ABŞ Dövlət Departamentinin saytında sonuncu təbrik 2022-ci ildə dərc olunub. Həmin təbrik ABŞ-nin keçmiş dövlət katibi Entoni Blinken tərəfindən imzalanmışdı.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. 11 il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu.