Fəal prezidentlə bağlı suala görə həbs edilib?

Maqsud Əliyev

Gənc fəal Maqsud Əliyev inzibati qaydada həbs olunub. Müxalif dairələrdə onun avqustun 13-də Bakıda "Caspian PlatForum"da keçirilən seminarda AXCP sədri Əli Kərimliyə Prezident İlham Əliyevin fəaliyyət və davranışı barədə sual verməsinə görə həbs olunduğu iddia edilir. Həmin sualda gənc fəal Azərbaycan prezidentinin bəzi məsələlərdə Türkiyə və Ukrayna prezidentlərini təkrarlamasından bəhs edilir.

M.Əliyevin yaxınları isə bildirib ki, o, avqustun 16-da axşam saatlarında işdən evə qayıdarkən saxlanılıb: "Evə gəlmədiyi üçün onu axtarmağa başladıq. Sonra məlum olub ki, o, "Riyad" Ticarət Mərkəzinin yanında polis tərəfindən saxlanılaraq Binəqədi rayon 40-cı polis bölməsinə aparılıb".

Fəalın yaxınlarının sözlərinə görə, oradan o, Binəqədi Rayon Məhkəməsinə aparılaraq polisə müqavimət ittihamı ilə 30 sutka inzibati qaydada həbs olunub: "Amma Maqsud polisə müqavimət göstərən, ictimai asayişi pozan adam deyil".

Daxili İşlər Nazirliyindən isə "Turan"a bildirilib ki, səslənən iddialar əsassızdır və M.Əliyevin həbsi heç bir sualla əlaqəli deyil.