'Manatın üzərində Heydər Əliyevin şəkli olmalıdır'

Siyavuş Novruzov

«Azərbaycan milli valyutasının üzərində Heydər Əliyevin şəkli olmalıdır».

APA-nın məlumatına görə, bu təklifi deputat Siyavuş Novruzov parlamentin oktyabrın 14-də keçirilən iclasında səsləndirib.

O qeyd edib ki, Türkiyədə də milli valyutanın üzərində Atatürkün şəkli var: «ABŞ-ın milli valyutasında da var. Rusiyada bütün çarların adına pullar buraxılıb. Mən tərəfdarı deyiləm ki, kimsə onun imzasını maşının üzərinə vurub gəzdirsin. Amma milli valyutamızın üzərində olmalıdır».

Azərbaycan manatı 1992-ci il avqustun 15-də dövriyyəyə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Eldar Mikayılzadə olub.

Prezident İlham Əliyevin 2005-ci ilin fevralında «Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» imzalanmış fərmana uyğun olaraq, 2006-cı ilin yanvarından etibarən yeni nəsil pul nişanları dövriyyəyə buraxılıb.

Manat 120x70 mm ölçüdə olan xüsusi kağızda çap olunur. Əskinazın üz tərəfində Azərbaycanın milli musiqi alətlərinin – tar, kamança və dəfin qrafik təsvirləri verilir. Arxa fonda isə qədim Azərbaycan xalçasının naxışları var. Əskinazın arxa tərəfində Azərbaycanın Avropaya inteqrasiyasının xəritələrlə təsviri və milli ornamentlər əks olunub.