'190 manat almaq istəyib, 100 manat cərimələyiblər'

Masallı

Karantin qaydalarının pozulmasına görə rayon və kəndlərdə də cərimə edilənlərin olduğu bildirilir. cenubxeberleri.com Masallı rayonunda aprelin 1-dən 17-nə kimi cərimə olunanlar barədə məlumat yayıb. Həmin məlumatda qeyd edilib ki, 17 gün ərzində rayonda karantin qaydalarını pozduqlarına görə 341 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onun 231 nəfərinin kənd sakinlərin payına düşdüyü qeyd edilib.

Karantin qaydalarına əməl edilməsini vacib sayan Masallı rayonunun Həsənli kənd sakini Toğrul Həsənli adamların "hər addımbaşı" cərimə edilməsini isə düzgün saymır:

Buna da bax: 'Baxın, bomboşdu, adam soyuducusunu göstərməyə də utanır'

"Kənd sakinlərinin çoxu karantin qaydalarını bilmir"

"Bizdə olmuşdu. Kənd təsərrüfatında günəmuzd işləyənlərdir. Adətən, günəmuzd işləyənlərdə mobil telefon olmur, icazə alsınlar. Masallı aqrarrayonudur, adamlar, əsasən, kənd təsərrüfatı sahəsində işləyirlər. Masallı rayonunun da kəndlərində iş var. Cəlilabad rayonunun Göytəpə şəhərinin əkin sahələrinə də işləmək üçün gedirlər. Çiyələk sahələrində becərmə işləri gedir. Kənd sakinlərin çoxu karantin qaydalarını bilmir, nəticədə cərimələrə tuş gəlirlər. Amma karantin lazımdır. Bu xəstəlikdir, qarşısı alınmalıdır...".

S.Həsənov

Rayonun Təklə kənd sakini Səmədağa Həsənov isə mövzu ilə bağlı bunları deyib:

"Sosial yardım üçün şəhərə gedənləri cərimə ediblər"

"Əkin sahələrinin yarısını su basdı. Çətinliklərimiz oldu. Təklə kəndinin sakinləri, əsasən, özlərinin əkin sahələrində işləyirlər. Əkin sahələri də kəndə bitişikdir. Əkin sahələrinə işləməyə gedənlər qadağalarla üzləşmirlər. Tutaq ki, hansısa kənd sakininin Masallı şəhərində işi var, amma SMS göndərə bilmir. Belə adamlara xəbərdarlıq edilməlidir. Birinci dəfədə cərimə edirlər. Sosial yardım üçün Masallı şəhərinə gedənləri götürüb cərimə ediblər.190 manat almaq istəyib (işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus pandemiyası ilə bağlı aprel, may aylarında verilən yardım), onu 100 manat cərimələyiblər. Adam SMS göndərəndə icazə verirlər, problem olmur. Camaat rayon mərkəzinə bank işlərinə görə gedir, bankomata baş çəkir. Bunlarda da növbə var, elə 2-3 saat növbədə olursan. Ona görə cərimələr meydan gəlir. Karantin ləğv olunandan sonra cərimələri də ləğv etsələr, yaxşı olardı. 1 manat da kəndli üçün puldur".

Buna da bax: Bazar ölüb... Koronavirusun zərbə vurduğu bizneslər

"Dövlətimiz heç kimi yaddan çıxartmır"

Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Adəm Məhərrəmov isə karantin qaydalarına əməl edilməsini vacib sayır: "Kənd təsərrüfatında işlər gedir. Badımcan, pomidor, yemiş, qarpız, lobya əkininin vaxtıdır. Bu dəqiqə kartof sahələrində becərmə gedir. Kəndən-kəndə, əkin sahələrinə gedirlər. Qoyulan qaydalar əkin sahələrində işlərin görülməsinə mane olmur. Karantin rejimidir, bütün hallarda rejimə əməl olunmalıdır. Rayonda bugünə qədər dövlətimiz 1554 nəfərə 190 manat yardım edib. Hüquqi və fiziki şəxslərə də vəsaitlər ödənilib. Dövlətimiz heç kimi yaddan çıxartmır. Prezidentimizin bu sahədə göstərişləri var. Karantin rejiminə əməl olunmalıdır, insanların təhlükəsizliyi də qorunmalıdır".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakı karantində: Dezinfeksiya və polis yoxlamaları

Xatırlatma

2019-cu ilin sonlarına doğru Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Artıq dünyada bu virusdan 170 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə hazırkı dövrədək 1436 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib. Onlardan 791 nəfər müalicə olunaraq sağalıb, 19 nəfər vəfat edib.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

Aprelin 18-də karantin rejimi eyni qaydalarla mayın 4-nə kimi uzadılıb.