Trump-ın keçmiş kampaniya rəhbəri yeni ittihamları qəbul etmir

Paul Manafort

ABŞ federal həbsxanasında Ukrayna rəsmiləri ilə bağlı bank və vergi fırıldağına görə 7 il yarımlıq cəza çəkən Paul Manafort özünə qarşı Nyu York ştatında qaldırılmış dələduzluq ittihamları ilə əlaqədar özünü təqsirli saymadığını bildirib.

Prezident Donald Trump-ın kampaniya rəhbəri olmuş Manafort iyunun 27-də ilk dəfə olaraq Nyu York məhkəməsi qarşısına çıxarılıb.

Nyu York ştatının Manaforta qarşı ittihamları ona qarşı ötən il irəli sürülmüş federal ittihamlardan ayrıdır.

Manaforta qarşı Nyu York ştatında qaldırılmış ittihamlar bir sıra suallar doğurub. Tənqidçilər bildirirlər ki, Manaforta qarşı eyni cinayətə görə iki ittiham irəli sürülüb.

Prezident Donald Trump Manafortun məhkəmə prosesi ərzində ona prezident amnistiyası verilməsinə dair fikirlər söyləyib.

Məhz buna görə də prokurorlar Manaforta qarşı ştat səviyyəsində ittihamlar irəli sürmək qərarına gəliblər. Beləki, prezident yalnız federal səviyyədə məhkum edilən şəxsi əfv edə bilər.

Manafortun vəkili deyib ki, o yeni ittihamlardan apellyasiya şikayəti verəcək.

Manaforta qarşı ittihamlar xüsusi prokuror Robert Mueller-in təhqiqatından qaynaqlanıb. O Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləsini araşdırırdı.

Bu məhkəmə prosesinə nəzarət edən hakimlərdən biri deyib ki, Manafortun işinin Rusiyanın ABŞ seçkisinə müdaxiləsi ilə heç bir əlaqəsi yoxdur.